Rusiyadan Telegram və Whatsapp zənglərinə məhdudiyyət

Bölmə: Dünya › ,
Tarix: 21:51 13.08.2025

Rusiya rabitə tənzimləyicisi Roskomnadzor bildirib ki, bu addım platformalardan cinayət məqsədli istifadənin qarşısını almağa yönəlib. “Cinayətkarlarla mübarizə aparmaq üçün... xarici messencerlərdə zənglərə qismən məhdudiyyətlər tətbiq olunur",– qurum Interfax-a açıqlamasında deyib. “Funksionallıqlarına başqa heç bir məhdudiyyət qoyulmayıb".

 

Tənzimləyici hər iki platformanın sahiblərini, şantaj və terrorçuluq da daxil olmaqla, bu tətbiqlərin cinayət fəaliyyətlərində istifadəsinə qarşı tədbir görməməkdə ittiham edib.

 

Bu addım, Rusiya Prezidenti Vladimir Putinin ötən ay dövlət dəstəyi ilə, hökumət sistemləri ilə inteqrasiya olunmuş yeni messencer yaradılmasına icazə verən qanunu imzalamasından sonra atılıb. Bu, Moskvanın xarici texnologiyalardan asılılığı azaltmaq səylərinin bir hissəsidir.

 

Rusiya illərdir “rəqəmsal suverenlik” adlandırdığı strategiyanı həyata keçirərək yerli xidmətləri təşviq edir. Bu proses, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasından sonra Qərb texnologiya şirkətlərinin ölkədən çıxması ilə daha da sürətlənib.

 

Meta və Telegram şərh verməkdən imtina ediblər.

 

ANEWZ

Güllər Gülhüseynova