Ad, soyad, ata adını necə dəyişək?

Bölmə: Araşdırma › ,
Tarix: 11:24 10.07.2023

Zamanla ad, soyad, ya da ata adının dəyişdirlməsinə zərurət yaranır. Məsələn, fındıq, balış, aprel, Qaragədəyev kimi adlar və bəzi soyadlar bizi dəyişikliyə məcbur edir. Amma təbii ki, bu bəzən istəkdən də irəli gəlir.

 

Bəli, ad, soyad dəyişən insanlara çox az olsa da rast gəlirik. Çünki həmin proses heç də asan deyil, əvvəla böyük məsuliyyət tələb edir. Qaldı rəsmiləşməsi tərəfinə, bu məqsədlə "ASAN xidmət" mərkəzinə üz tutan vətəndaşdan bir sıra sənədlər tələb olunur.

Lazım olan sənədlərə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə, doğum haqqında şəhadətnamə, ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə, ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili və dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir.

 

Tutaq ki, tələb olunan bütün sənədləri yığdınız. Amma bir məsələ var. Əgər 18 yaşına çatmamısınızsa, eləcə də, yetərli səbəbiniz yoxdursa cəhdiniz uğursuzluqla nəticələnəcək.

 

Vəkil Anar Ramazanov deyir ki, təcrübədə qarşılaşdığımız hallara əsasən, adların, soyadların dəyişdirilməsinə zərurət əsasən o vaxt yaranır ki, valideynlər başqa ölkəyə köçəcəklərinə görə uşağın adını dəyişirlər: “Ya da elə əvvəldən ingilis, rus adları qoyulur. Uşağın bulinqə məruz qalmasından və s. ehtiyat edirlər. Boşanma hallarında isə bu könüllü surətdə olur. Əgər qadın istəsə, ya ərinin soyadını saxlayır, ya da öz atalıq soyadına geri dönür. 3-cü bir soyada keçidə icazə verilmir”.

 

Nəzrin Malik