İlon Mask “Amerika” partiyasını yaradıb-Yeni siyasi güc

Tarix: 11:26 07.07.2025
Tanınmış sahibkar və texnoloji yenilikçi İlon Mask ABŞ-də yeni siyasi partiya – “Amerika” Partiyasının yaradıldığını elan edib. Onun sözlərinə görə, bu təşəbbüs hazırkı siyasi sistemdə parçalanmanı aradan qaldırmaq, milli maraqları önə çəkmək və texnologiya əsrinin çağırışlarına uyğun bir siyasət modeli formalaşdırmaq məqsədi daşıyır. Maskın bu addımı ABŞ-də həm daxili siyasi dinamikaya, həm də gələcək seçkilərin gedişatına ciddi təsir göstərə bilər.
Bu mövzu ilə bağlı açıqlamasında politoloq Əziz Əlibəyli "informator.az"a bildirib ki, açığı, bu məsələnin potensial təsirləri var:
"Belə götürək ki, artıq 160 ildir davam edən iki partiyanın mübarizəsi mövcuddur və Amerika siyasi sistemi bu çərçivədə formalaşıb. Maskın yaradacağı partiyanın məqsədi də məhz bu iki partiyanın hegemoniyasını sarsıtmaq ola bilər.
Tarixdə üçüncü partiyaların ortaya çıxması hallarına da rast gəlinib. Məsələn, 1992-ci ildə Ross Perot prezidentlik kampaniyasında üçüncü namizəd kimi çıxış etmiş və 19 faiz səs toplamışdı. Lakin ABŞ-də Elektron Kollegiya sistemi mövcuddur: seçicilər əvvəlcə nümayəndələrini seçir, daha sonra həmin nümayəndələr arasında keçirilən səsvermə ilə prezident müəyyən olunur. Bu səbəbdən Perot qalib gələ bilmədi.
Maskın partiyası ilə bağlı deyilir ki, 2026-cı il aralıq seçkilərində “spoiler” rolunu oynaya bilər. Yəni, filmlərdə işlənən "spoiler" anlayışına uyğun olaraq, bu partiya Respublikaçıların səsini parçalaya bilər. Maskın 350 milyard dollarlıq sərvəti var və xatırlayırıq ki, o, Trampın kampaniyasına da xeyli maliyyə vəsaiti sərf etmişdi — təxminən 250 milyon dollar. Onun maliyyə gücü mövcuddur. Lakin siyasət uzunmüddətli uğur tələb edən sahədir. Sadəcə pulun olması hələ uğuru təmin etmir.
Maskın güclü tərəfi, şübhəsiz ki, “X” platformasıdır. Əlində böyük bir rəqəmsal resurs var və bu, təbliğat və seçki strategiyası baxımından üstünlükdür. ABŞ-də seçicilərin təxminən 80 faizi ikipartiyalı sistemdən narazıdır və alternativlər axtarır. Bu baxımdan onun yaratdığı partiyanın cəlbediciliyi ola bilər. Lakin struktur və ideologiyası aydın şəkildə ortaya qoyulmalıdır.
Mask üçün mandat qazanmaq — xüsusilə Nümayəndələr Palatası və Senatdan — çox önəmlidir. Bunu alıb-almayacağı böyük sual altındadır. Digər tərəfdən isə ABŞ-də bürokratik maneələr mövcuddur. Məsələn, Kaliforniyada seçkiyə qatılmaq üçün 1 milyon imza toplanması tələb olunur ki, bu da ciddi maliyyə və təşkilati resurs tələb edir. Üstəlik, amerikalı seçicilər çox vaxt respublikaçı və ya demokrat partiyasına sadiq qalırlar.
İkinci mühüm məsələ isə ideologiyadır. Mask çıxışlarında qeyd edir ki, hazırkı partiyalar xalqın iradəsini tam əks etdirmir və "uniparti" modelindən imtina etməyin vacibliyini vurğulayır. O, mərkəzçi mövqedən çıxış edə bilər. Fiskal mühafizəkarlıq — yəni dövlət xərclərinin azaldılması və fərdi azadlıqlara üstünlük verilməsi — əsas prioritet ola bilər. Həmçinin texnoloji investisiyaya fokuslanması da gözləniləndir. Trampın əksinə, Mask ölkəni iqtisadi cəhətdən müflis etmədən, daha dayanıqlı və texnologiyaya əsaslanan siyasət formalaşdıra bilər. Onun ideologiyası, eyni zamanda, anti-müəssisə və anti-establishment (elita əleyhdarı) cəhətləri ilə Trampın bəzi yanaşmalarına bənzəsə də, fərqli istiqamətdə inkişaf edə bilər.
Mümkün sağ meyilli elementlər də istisna deyil. İmmiqrasiya və seçki saxtakarlığı ("voter fraud") kimi məsələlərdə müəyyən sərt mövqe tuta bilər. Onun seçkilərə cəlb etmə strategiyası da önəmlidir və xüsusilə gəncləri aktiv şəkildə cəlb edə bilər. Bunu zaman göstərəcək.
Texnologiya sektorunun lideri olaraq Maskın siyasətə girişi maraqlı bir əlaqə yarada bilər. Texnoloji maraqlar və milli siyasət tez-tez toqquşur. Maskın Teslası, “X” platforması və digər texnoloji layihələri dövlət müqavilələri və subsidiyalardan asılıdır. Onun partiyası texnoloji investisiyaları təşviq edən siyasətə üstünlük verə bilər.
Amma maliyyə məhdudiyyətləri də mövcuddur. ABŞ Federal Seçki Kampaniyası qanunlarına görə, siyasi partiyalara fərdi ianələr müəyyən limitlərlə tənzimlənir — ildə 44 min dollardan artıq bağış etmək olmaz. Məsələn, Trampın şəxsi sərvəti olsa da, partiya qurmaq və saxlamaq üçün bu məhdudiyyətlərə tabe olur. Bu səbəbdən də vacib məsələ odur ki, ictimai rəy Maskın partiyasına necə yanaşacaq? ABŞ ictimaiyyətində bu siyasi təşəbbüs necə qarşılanacaq?"
Xəlilli Nigar