Bloqqer Pəri Abbaslı ilə müsahibə

Bölmə: Sosial › ,
Tarix: 13:06 20.07.2023

Xaricdə təhsil bir çox gəncin xəyalıdır. Xaricdə təhsil prosesi necədir? Yerli təhsil ilə fərqləri nələrdir? Danimarkada təhsil hüququnu necə əldə etmək olar? Chat-GBT botlarından necə istifadə edilə bilər? Bu və ya digər sualları jurnalist, podkast aparıcısı və kontent yaradıcı, bloqqer Pəri Abbaslı cavablandırdı.

 

Müsahibimiz öncə Danimarkada təhsil hüququnu necə əldə etdiyindən, hansı proqram vasitəsi ilə xaricdə təhsil aldığı haqqında danışıb. O, Erasmus Mundus Journalism adlı magistr proqramına tam təqaüdlə qəbul olduğunu, bu proqramın strukturunda birinci il bütün tələbələrin Danimarkanın Orxus Universiteti (Aarhus Universitet) və Danimarka Media və Jurnalistika məktəbində (Danmarks Medie- og Journalisthøjskole) təhsil almalı olduqlarını, bunun məcburi və seçimdən kənar olduğunu deyib. Həmçinin ikinci il üçün onların seçdikləri ixtisaslaşma üzrə 4 ölkə: İngiltərə, Almaniya, Çexiya və Niderland arasından seçim etməli olduqlarını bildirib. Onun sözlərinə görə, Danimarkada gördüyü həyat tərzi, insanların rifah halı, sakitliyi paxıllıq ediləsidir. Bir çox məsələlərə toxunan müsahibim hazırda yeni bir fəaliyyət üçün çalışdığını deyib: "Birinci dilimizi yekunlaşdırdıq, hazırda isə ikinci il üçün seçdiyim Çexiyaya sənədləri hazırlama prosesindəyəm".

 

Bloqqer tam təqaüdün dünya üzərində yalnız 22 nəfərə verildiyini, o şanslı insanlardan birinin də özü olduğunu qeyd edib. Pəri Abbaslının dediklərinə görə, qəbul olduğu proqrama 2006-cı ildən bəri qəbul olan tək azərbaycanlı özüdür. O, tam əmin olmasa belə, daha əvvəl 2006-cı ildə bu proqramda azərbaycanlı tələbənin təhsil aldığını və həmin şəxsin Azərbaycanın dövlət təqaüdü ilə qəbul olduğunu, bu il (2023-2025 qrupu) proqrama qəbul olunanlar içində başqa bir təqaüdlü azərbaycanlının olduğunu deyib. Müsahibimiz, həmçinin proqramla bağlı azərbaycanlı jurnalistika tələbələri arasında hansısa məlumat rahatlığı yaratdığına görə çox sevindiyini bildirib.

 

Pəri Abbaslı yazı yazmağa necə başladığını və bunun onun həyatına qatqısı haqqında danışıb: "Jurnalistika sahəsində mentorluq anlayışı, bəlkə də, heç yoxdur, amma olsa, inkişaf etsə, işçi-redaktor münasibətindən çox, mentor-menti münasibəti yaransa, qələmini kəskinləşdirmək, özünə müəyyən stil yarada bilmək, jurnalist kimi yazmağı öyrənmək sahəyə yeni gəlmiş insanlar üçün rahat olar. Lakin indiki durumda daha çox redaksiyalardakı redaktorlar vaxt tapdıqca yeni işçilərə nəyisə başa salırlar, çünki məzunların universitet dövründə hər şeyi öyrəndiklərini güman edirlər. Fikrimcə, əvvəlcə, tək başlamaq, daha sonradan redaktorlardan dəstək almaq daha məqsədəuyğun olar".

 

Podcast aparıcısı və kontent yaradıcısı həyatına ən çox qatqısı olan fəaliyyət haqqında danışıb və bu mövzuda düşüncələrini paylaşıb. Onun sözlərinə görə, ona ən böyük qatqı verən fəaliyyəti 2016-cı ildə ilk bloqunu yaratmağı olub. Həmin bloq incəsənət mövzusunda başlayıb və heç vaxt qazanc mənbəyinə çevrilməsə belə, ən sadiq oxucu kütləsini də elə o bloq sayəsində əldə edib. Bloqu idarə etdiyi zaman 2017-ci ildə jurnalistika fakültəsinə qəbul olub və öyrəndiyi yeni məlumatları bloqunda tətbiq edə bilib. Fikrincə, elə bununla da inkişafını sürətləndirdiyini deyib.

 

Həvəskar fotoqrafımız çəkdiyi fotoları necə, hansı proqramlarla və hansı yollarla öyrəndiyindən danışıb. Fotoqraflıq sahəsinə marağının olduğunu bildirən müsahibim heç vaxt professional fotoqraf kimi fəaliyyət göstərmədiyini, həvəskar olaraq isə 2013-cü ildən bəri - smartfonu ilə olandan fotolar çəkdiyini, xüsusilik axtarmadığını deyib. Müsahibimiz bu mövzu ilə bağlı fikirlərini həmçinin bu sözlərlə ifadə edib:


"Mən "İnsanların görmədiyini görürəm" demirəm, ancaq və ancaq hekayəsi olduğunu düşündüyüm şeyləri çəkirəm. Mənə xoş gələn, mənə hansısa hekayə danışan görüntüləri insanlarla bölüşmək xüsusi hiss elətdirir".

 

Danimarka mətbuatı ilə Azərbaycan mətbuatı arasında oxşar və fərqli cəhətlərləri izah edən Pəri Abbaslı bu iki mətbuatın bir-birindən çox fərqli olduğunu, mövzu, media savadlılığı və digər bir çox yöndən bənzər olmayan xüsusiyyətlərin müşahidə edildiyini bildirib. Müsahibimin sözlərinə görə, o hansısa oxşar cəhət müşahidə etməyib. Bir çox məqamın tamamilə fərqli, azad olduğunu, ən əsası ölkəmizdə jurnalistlərin bəzən ciddi məsələlərə etinasız yanaşıb insanlara məişət dəyərində önəmsiz mövzuları təqdim etdiklərini, Danimarkada isə insanların əksəriyyətinin siyasi şüurunun inkişaf etdiyi üçün mətbuatda siyasi diskursların olduğunu müşahidə etdiyini bildirib.

 

Podcast aparıcısı Pəri Abbaslı sözlərində Danimarkada millətin təhsil səviyyəsinin yüksək olduğu üçün oxuduqlarını çox yaxşı qavradıqlarını və onlara keyfiyyətli, xəbər dəyəri olmayan yazılar verən jurnalistlərdən nələrsə tələb edə bildiklərini - media savadlılığının inkişaf etdiyini deyib. Müsahibimin fikrincə, məhz buna görə də jurnalistlər oxucu qarşısında rahat olsalar da, məsuliyyətlərini də dərk edirlər. O, məsələyə digər yöndən də yanaşmağı unutmayıb:

 

"Amma əlbəttə, Qərbi Avropa ölkəsi olmağın gətirdiyi özünü bəyənmişlik də var. Bəzən xarici ölkələrə qarşı, xüsusən, Orta Şərq, yaxud ümumiyyətlə, Şərq ölkələrinə qarşı mühakimə və qınaq var. Amma düzü, bu xüsusiyyətlər elə bizim özümüzdə də Avropa ölkələrinə qarşı var".

 

Danimarka təhsili ilə Azərbaycan təhsili arasındakı fərqləri bir tələbə olaraq cavablandıran jurnalist müəllim, professor fərqini izah edib, təhsil üsullarının rahat və faydalı cəhətləri haqqında danışıb. Təhsil eksperti olmadığı üçün bunu dəqiq faktlarla deyə bilmədiyini dilə gətirən müsahibimiz sadəcə tələbə olaraq müşahidələrini bölüşüb. Onun müşahidələrinə əsasən, Azərbaycanda bəzi müəllimlər güc qaynağı olmağı, tələbənin müəllimdən qorxmağını, mübaliğəli hörməti sevdiklərini, amma bəzən hər şeyin çox daha sadə ola bildiyini deyib. Bu fikrin bütün müəllimlərə aid olmadığını, xoşagəlməz nümunələrdən danışdığını qeyd edib.

 

Danimarkada müəllimlərin tələbələri onlara hörmət etməyə məcbur etmədiklərini açıqlayan müsahibimiz bunları da əlavə edib:

"Əvvəlcə, özləri tələbələrə hörmətlə yanaşır, onlara mehriban münasibət bəsləyir və onları dinləyirlər. Bu halda da tələbələrdə müəllimə qarşı çox təbii, dərin və səmimi hörmət yaranır. Müəllimin bunu tələb etməsinə ehtiyac da qalmır".

 

Danimarkadakı professorlarının tələbələrindən tez-tez fikirlərini soruşduğunu, onları danışmağa və fikirlərini, təcrübələrini bölüşməyə ürəkləndirdiklərini deyib. Azərbaycanda mühazirə və seminar anlayışları haqqında danışan bloqqer və jurnalist ölkəmizdə mühazirədə bəzən sual verən, əl qaldırıb mühazirəni bölən tələbələrə irad bildirən müəllimlərlə rastlaşmağın mümkün olduğunu, əslində isə, mühazirələrin məqsədinin tələbənin mövzunu anlamağı və sualları varsa, bunu rahatca verə bilməli olduqlarını deyib.

 

"Ümumiyyətlə, Azərbaycandakı təhsildə nə uğur görürsünüzsə, bu, seçilmiş müəllimlər hesabına olur"- deyən müsahibimiz ürək yandıran, iş vaxtından artıq işləyən, işini həyatına çevirmiş çox fədakar müəllimlərin olduğunu, həmin müəllimlərin təhsilə qazandırılan bir çox uğurlu gəncin müəllifi olduqlarından bəhs edib. Daha sonra o, Danimarka təhsili haqqında bunları əlavə edib:

 

"Amma Danimarka təhsil sistemi o qədər səliqəli, hər kəsi ətraflı düşünərək qurulub ki, müəllim yaxşı tələbə yetişdirmək üçün dünyanın zülmünü çəkmir və təhsil sistemi müəllimlərin ümidinə qalmayıb. Sistem öz-özlüyündə işləyir, müəllimlərsə, o sistemin içərisində sadəcə bir vasitədirlər".

 

Pəri Abbaslı insanların maraq dairələri, mövzu və məzmun seçimi haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, insanların maraqlandığı mövzular bir çox faktora əsasən dəyişdiyi üçün dəqiq cavab vermək çətindir. Lakin insanların aid olduğu sosial sinif, peşələri və s., hətta hər gün evə qayıdanda istifadə etdikləri nəqliyyat növü belə onların maraqlarına bilavasitə təsir edir. Demək olar ki, məişət mövzuları, mövcud qanunlarda dəyişikliklər (xüsusilə, ictimai nəqliyyat, yaxud ərzaqla bağlı) mövzuların daha çox diqqət cəlb etdiyini, özünün kontent yaradarkən yararlılıq dərəcəsinə, dolğunluğuna və düzgünlüyünə xüsusilə fikir verdiyini deyib.

 

YouTube sosial şəbəkəsində yayımladığı videolardan birində chat-GBT botların jurnalistlər üçün təhlükə yaratmadığını, əksinə onlardan öz yararları üçün istifadə edə biləcəklərini deyən jurnalistimiz özünün onlardan istifadə şəkli haqqında danışıb. O, bildirib ki, Chat-GPT botundan işi üçün yox, amma hansısa araşdırmaları strukturlaşdırmaq üçün ilkin mərhələlərdə istifadə edir. Lakin qeyd edib ki, insanların bütün işlərini bu botlardan istifadə edərək görməsini düzgün hesab etmir. Həmin botda olan datalar 2021-ci ilədək olduğu üçün bir çox yanlış məlumatlar mövcuddur. Yalnız bəsit şeylər üçün istifadə edilməli və botun verdiyi səthi cavablar üzərində ciddi işlənilməlidir deyə düşündüyünü bildirib.

 

O, gələcək planları barədə də danışıb və Jurnalistika üzrə davam edəcəyini deyib:

 

"Gələcək planları haqqında indidən nəsə desəm, heç real görünməz. Ehtimalların çoxu mənim planlarım, düşüncələrim və cəhdlərim əsasında qarşıma çıxan şansları dəyərləndirə bilib-bilməməyimdən asılıdır. Ona görə də yaşayıb görəcəyik. Ola bilsin, jurnalistikanın hansı janrı üzrə davam edəcəyimi tam dəqiqləşdirməliyəm, amma indidən demək çox çətindir. Hələ ki, fikirlərim magistr təhsilimi uğurla bitirmək və Azərbaycan jurnalistikası üçün çox böyük önəm kəsb edə biləcək mövzuda diplom işi yazmaqdır. Sonrasına baxmaq olar".

 

Qeyd edək ki, Pəri Abbaslı birinci kursda oxuyan zaman “Buqələmunizm” adlı podkast yaradıb. Həmçinin qrup yoldaşı Çiçək Məmmədova ilə “Atəşçalan Prometey” adlı podkastın həmmüəllifi, “Üçüncü mərtəbə” adlı radioverilişin aparıcısı olub.

 

Müsahibimiz Pəri Abbaslıya uğurlar diləyir, daha da inkişaf etməsini və maraqlı proqramlara imza atmasını arzu edirik.

 

Aydan Qasımova