Yeni həftənin düşməni: Bazar ertəsi sindromu
.jpg)
Tarix: 21:37 03.08.2023
Həftə sonundan sonra işə və ya məktəbə qayıtmaq çoxumuz üçün çətin olur. Hətta bazar ertəsi yuxudan oyanan kimi yeni həftənin stresini yaşamağa başlayanlar var.
Bazar ertəsi sindromu adlanan bu narahatlıq xüsusilə, iş yerlərində daha çox hiss olunur. Sosioloq Üzeyir Şəfiyev deyir ki, həftənin ilk günü çalışanların işə həvəssiz, gərgin başlaması elə məhz bu sindromdan qaynaqlanır:
“Bazar ertəsi bir çox cəmiyyətdə mövcud olduğu kimi Azərbaycanda da var. Həftənin ilk günü insanların daha enerjik başlamasını gözləyərkən əksinə gərgin, həvəssiz başlaması sırf bu səbəbdən qaynaqlanır. Ona görə müdirlər çalışmalıdır ki, işçilərə daha uyğun iş qrafiki qursunlar. Bundan başqa onların istirahətini də nəzərə almaq lazımdır. Bu istirahət rejimi işçini yormayacaq, ona kifayət edəcək tərzdə qurulmalıdır”.
Deyirlər, həftəyə enerjili başlamaq üçün özümüzə vaxt ayırmalıyıq. Amma çox vaxt istirahət etmək üçün getdiyimiz kafedə belə bir fincan kofeni də bu sindrom üçün sifariş edirik. Bəs necə edək ki, bu stressdən azad olaq?
Psixoloq Ofelia Əliyeva deyir ki, insanlar çox vaxt həftəsonu növbəti həftənin işlərini planlayırlar: “Təbii ki, burada qəribə heç nə yoxdur. Amma dövrümüzdə stress o qədər adi hal alıb ki, həmin işləri necə edəcəklərini, alınmazsa nələr baş verəcəyini düşünərək özlərini daha da stressə salırlar. Elə buna görə nə həftə sonlarını dəyərləndirə bilir, nə də həftəyə normal başlaya bilirlər. Bu sindromdan qurtulmaq üçün, özümüzə vaxt ayırmaq və həmin zaman ancaq özümüzə fokuslanmalıyıq. Bazar ertəsi önəmli qərarlar verməmək, bazar ertəsinin işlərini digər günlər arasında bölmək və mümkün olduğu qədər iş arasında 15-20 dəqiqə fasilələr vermək lazımdır”.
Bazar ertəsinin sindrom halına gəlib-gəlməyəcəyi öz əlimizdədir. Əgər özümüzə dəyər verib yetərli vaxt ayırsaq, getdiyimiz kafedə bizinlə birgə gələn sindromu yan masaya göndərsək həftəmiz daha uğurlu keçər.