"Filmi çəkərkən ancaq qəhrəmanın, uşağın duyğuları ilə empatiya qurmağa çalışdıq" Kamal Yaşar

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:07 11.08.2023

Hər bir işin mənası, hədəfi və səbəbi olur. Filmlər haqqında danışdıqda önəmli olan, həmçinin onların bizdə olan yeri, yaşatdıqları emosiyalardır.

 

İnformator.az-ın bu dəfəki qonağı rejissor, aktyor Kamal Yaşardır. O, yaxın zamanda yayımlanan "Dan yeli" filmi haqqında danışıb, fikirlərini bizimlə bölüşüb:

 

Filmin məqsədi izləyicilərə hansı ideyanı aşılamaqdır?

Filmin məqsədi hər şeyə rəğmən yer üzündəki müharibələrin amansızlığını təsvir etmək, müharibələrin ən əsas qurbanlarının uşaqlar və yetişən gələcək nəsillər olduğunu göstərməkdir.

 

Filmin başlanğıcında ekranın qara kadr arası verilməsinin səbəbi nədir?

O, xüsusi bir şey deyil. Qara kadr sadəcə filmöncəsi bələdçi informasiyanın təqdimatı üçündür.

 

Sonda oğlanın atasının protez ayağını balta ilə vurmasının səbəbi tam olaraq nədir?

Atasını qorumaq hissi. Çünki anası ilə zarafatla atasının etdiyi söhbəti uşaq ciddi qəbul etmişdi və uşaq ağlı ilə düşünürdü ki, atası yenidən müharibəyə gedə bilər.

 

Filmi çəkərkən hansı hissləri keçirdiniz?

Filmi çəkərkən ancaq qəhrəmanın, uşağın duyğuları ilə empatiya qurmağa çalışdıq.

 

Çəkiliş neçə müddət davam etdi və bu müddət ərzində çətinliklərlə qarşılaşdınızmı? 

Filmin hazırlıq dövrü ümumən üç ay olur. Çəkilişlər isə 6 gün davam etdi. Ekstra çətinliklərlə qarşılaşmadıq. Amma çəkilişlər soyuq aylarda olduğundan natura səhnələrində bir az sıxıntılarımız oldu. Bu da normaldır. Bir də final səhnəsində, ata ilə uşağın atla getdiyi səhnədə at hər ikisini yıxdı. Xoşbəxtlikdən bir ciddi xəsarət yaşamadıq çox şükür.

 

Film komandası sizə nələrisə öyrətdimi və birlikdə uyumunuz necə idi?

Hər bir filmin çəkiliş prosesi mütləq nələrsə öyrədir. Bu, əsasən peşəkar bilgilərlə bağlıdır, hər film yeni bir təcrübə deməkdir. Uşaqla işləməyin çətinliklərindən keçdik və bir az daha bu mövzuda təcrübələr qazanmış olduq. Bir də atanın ayağını kəsik kimi təqdim etmək səhnələri bir az çətinlik yaradırdı, çünki atanın ayağını yığmaq bir az çətin oldu, onun da öhdəsindən gəlmiş olduq.

 

İnsanların reaksiyaları hansı yöndədir?

İnsanların reaksiyalarını, əslində, sorğu keçirib onlardan soruşmaq, bəlkə də, daha ədalətli olardı. Amma həm filmin Milli Kino Günündə təqdimatında olsun, həm də sonralar həm peşəkar mütəxəssislər, həm də izləyicilər tərəfindən rəylər müsbətdir.

 

Gözlədiyiniz izləyici kütləsinə çatdınızmı?

Gözlədiyim izləyici kütləsi yerli tamaşaçıdan əlavə dünyada, festivallarda ola bilərdi. Əcnəbi göz, əcnəbi baxış maraqlı idi mənim üçün. Amma təəssüf ki, bu film müəyyən məndən asılı olmayan səbəblərdən festival həyatı yaşamadı və əcnəbi tamaşaçı kütləsinə təqdim edilə bilmədi. Tarix olaraq isə film festival müddətini bitirdiyinə görə bundan sonra festivala göndərilməsi, demək olar ki, mənasızdır. Çünki hər bir filmin əsas festival müddəti istehsal tarixindən sonrakı bir-iki il ərzində aktualdır. Bizim filmin üzərindən isə indi ekranlara və kütləvi tamaşaçı qarşısına çıxarılmasına baxmayaraq düz beş il keçib. Amma yerli kinoda bu filmin hər zaman müharibə mövzusunda çəkilən bir film kimi öz xüsusi yerini qoruyub saxlayacağına inanıram.

 

Qeyd edək ki, Kamal Yaşarın rejissorluq etdiyi, 35 dəqiqə olan bu film cəbhəyanı ərazidə yaşayan bir ailədən, həmçinin müharibədən əziyyət çəkən insanlardan bəhs edir.

 

Filmin başlanğıcında qara ekranda əksinə olaraq, bəyaz hərflərlə yazıldığı kimi:

 

"Qarabağ, cəbhəyanı ərazi. Azərbaycan və Ermənistan arasında gedən 6 illik müharibədən sonra 1994-cü ildə "Bişkek protokolu"na əsasən tərəflər arasında atəşkəs elan edilib. Hələ də həll olunmamış bu müharibə zolağında təkcə atəşkəs dövründə yüzlərlə insan dünyasını dəyişib və dəyişməkdədir".

 

Aydan Qasımova