Qaraqan sənətdə niyə yoxdur?

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:13 21.08.2023

2005-2016-cı illər fəalliyyətdə olmuş azərbaycanlı yazıçı, musiqiçi, repçi, jurnalist, bununla yanaşı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab müsabiqəsinin ilk qalibi Elxan Zeynallı (Ləqəbi Qaraqan) çox sevilib, seçilən, əsərlərində insanlara hər zaman nə isə demək, çatdırmaq istəyən biri olub. Bununla yanaşı Qaraqan 10 roman, 4 albom müəllifi olub. 50-dən çox konserti baş tutmuş HOST adlı qrupun 2007-2012-ci illərdə üzvü olan Qaraqan bu qədər sevilərkən niyə sənətdən imtina etdi? Niyə ölkəni tərk etdi? Yenidən geri dönəcəkmi?


Həmkarı Orxan Zeynallı yutub kanallarının birində "Qaraqan geri gələcəkmi?", "Qaraqan niyə getti?" suallarının cavabını Elxanın nə vaxtsa, əgər uyğun görərsə, özünün cavablayacağını bildirdi.


Bu mövzu ilə bağlı Qaraqanın adına sosial platformalarda səhifələr açıb, onun gəlməyini gözləyən, özü olmasa belə kitablarını, musiqilərini paylaşaraq, tanımayanlara da tanıtdıran pərəstişkarları arasında araşdırma apardıq. Onlardan biri Qaraqanın qayıdıb, burada özünü xoşbəxt hiss etməyəcəyi ehtimalı varsa, dönməsini istəmədiyini söylədi. Çünki buraya qayıdıb inkişafdan qorxan cəmiyyətə nə isə aşılamaq istəyinə düşüb xəyal qırıqlığı yaşaya bilər. Digər Qaraqan pərəstişkarı olan Murad Səfərov onun sənətə küsmədiyini və ABŞ-da musiqi ilə məşğul olduğunu iddia edir. Onun sözlərinə görə Qaraqanın hazırda yeni kitablar yazmaq ehtimalı da var. Qaraqanın 10 kitabından 8-ni oxuduğunu bildirən Murad bəy hər bir kitabının onun üçün çox önəmli, dəyərli olduğunu, hər birinin ayrı-ayrılıqda təsirinə düşdüyünü deyir. Amma onun üçün daha dəyərli olan kitabının "Art və Xaos", "A" romanı olduğunu deyir.

 

Əlbəttə, sosial şəbəkələrdə ən çox rastlaşdığımız sitatların bir sahibi də Qaraqandır. "Onun ən çox sevdiyiniz sitatı nədir?" sualını da pərəstişkarlaırna ünvanladıq. Sözügedən pərəstişkar, sitat olaraq, "Mən gənclərə birlikdən, birləşməkdən replər yazırdım ki, bir olsunlar, amma onlar hamısı çönüb repçi oldular. Hərəsi əlinə bir mikrofon aldı. Bu millət SƏNİNLƏ olmaq istəmir, SƏN olmaq istəyir. (Birinci addım).", "İnam bizim gözümüzə taxdığımız rəngli eynək kimidir. Hansı eynəyi taxsaq dünyanı onun prizması ilə görəcəyik. Amma mənim istədiyim, ümumiyyətlə, eynəyi çxarıb öz gözlərimlə dünyaya baxmaq idi. (İkinci addım)", "Həyat dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan. (A romanı)." bu cümlələri nümunə gətirdi. Son olaraq da, Qaraqanın ərsəyə gətirdiyi mahnılardan ən çox dinlədiyinin "İnsanlar" olduğunu deyən Murad bəylə söhbəti tamamladıq.

 

Növbəti həmsöhbət olduğumuz Lida Əsgərova da bu mövzuda fikirlərini bizimlə bölüşdü. Qaraqanın an çox sevdiyi romanının "Evakuasiya", mahnısının adının isə "Maraqsız mahnı" olduğunu deyən Lida Qaraqanın heç getmədiyini, kitabları ilə hər zaman bizimlə olduğunu söylədi: "HOST qrupu özü elə bir fəlsəfə, ideologiya üzərinə qurulub. Başdan məqsəd dinləyicilərinə nəsə ötürmək idi, ancaq gənclər fanatik olmağı seçdilər. Qaraqan şou dünyasından uzaqlaşdı, o şou istəmirdi." Lida xanım qeyd etdi ki, Qaraqan qayıtsa, hal-hazırda suni, yalan sevgilərdən, gənclərin "diplom" üçün qarşılıqsız qalan çabasından və s. yazardı.


Digər pərəstişkar isə Qaraqanın lazım olduğu dəyər verilmədiyi üçün sənətdən getdiyini iddia edir: "Birinci Addım"-ın əvvəlində dediyi kimi, "Mən onlardan idealarımın təbliğini gözləyirdim, amma onlar əlinə mikrofon alıb rep deməyə başladılar". O, ən təsirli kitabının isə "Şeytanın Kitabı" romanı və "İkinci Addım" olduğunu qeyd etdi.

 

İnsanların fikirlərindən aydın olur ki, Qaraqan timsalında bütün sənətçilərin qələmə aldıqlarındakı mənanı, bizə ötürmək istədiyi ideanı anlamaq lazımdır. Bu, istər musiqiçi, istər şair, istərsə, yazıçı və s. kim olursa-olsun. Yoxsa, Qaraqan kimi neçə sənətçi, sənətə küsüb, çıxıb gedəcək.

 

Çinarə Muradova