Sezen Aksu kimdir? - "20-dən Gələn Səslər"
Bölmə: Araşdırma › ,Tarix: 21:20 23.10.2023
Musiqilər insan həyatında mühüm yer tutur. Çox az insan var ki, musiqi dinləməsin və ya sevməsin. Bu sirli melodiyaların ahəngini isə mənası dərin, böyük əhəmiyyət kəsb edən sözlər tamamlayır.
İnformator.az-ın yeni rubrikası - “20-dən gələn səslər”də iyirminci əsrdə yazıb yaratmış, musiqi dünyasında əvəzolunmaz izlər qoyan yerli və xarici sənətçilər haqqında maraqlı faktları təqdim edir.
Rubrikanın ilk sənətçisi türkiyəli bəstəkar, aktrisa, mahnıları ilə bir çoxunun sevimlisi Sezen Aksudur.
Əsl adı Fatma Yıldırım Sezen olan bəstəkar 13 iyul 1954-cü ildə Türkiyənin Dənizli bölgəsində dünyaya gəlib. Anası Şəhrəban xanım həyat bilgisi, atası Sami bəy isə riyaziyyat müəllimi idi.
3 yaşına qədər Dənizlidə yaşayan Sezen və ailəsi sonradan İzmirə köçüb. Ailəsi ilə Sezen arasında mənəvi məsafə vardı. Bütün bunlara baxmayaraq, Sezen həmişə sevilmək istəyib, digər tərəfdən isə çox nadinc idi.Hətta ətrafdakılar ona “cücə bəla” deyirdi. Yeniyetməlik dövründə tez-tez mahnılar oxuyur, saç rəngini dəyişdirir, intihara cəhd edirdi.Ən böyük xəyalı isə rəqqasə olmaq idi. Müsahibələrinin birində də bununla bağlı belə bir cümlə demişdi: “Allahın atamın halına yazığı gəldiyinə görə müğənni oldum”.
Milliyet-ə verdiyi müsahibəsində uşağlığından bəhs edən Aksu: “ Mənim uğur hekayəm deyilə biləcək tək xüsusiyyətim atama rəğmən o evdən çıxıb bu işi edə bilməyimdir. Onları incitməmək, qırmamaq üçün bir qorxu var və təbii ki, bunun arxasında da ailə arasında qalan çox hüznlü gənclik hekayələri var. Lakin həm qorxdum, həm də öz bildiyimi etdim. Uşaq ikən bunları necə edəcəyimi düşünərkən atamın gözləri xəyalımda canlanırdı. Gecələr kabus görürdüm. Hər halda, atam qaradənizlidir. Onun qohumları gəlib məni öldürər”, - deyə bildirib.
O bütün təhsilini İzmirdə tamamlayıb. Uşaqlıqdan başlayaraq sənətin hər sahəsilə maraqlanıb, rəsm rəqs, teatr dərsləri alıb. Lisey illərində musiqiyə yönəlib.
70-ci illərdə bir şou-biznes jurnalı olan “Həftəsonu” şou-bizneslə bağlı təqdim etdiyi kontentlərlə bərabər “qızıl səs” yarışması da təşkil etmişdi. 1970-ci ildəki yarışmada isə münsiflər heyətində dövrün əfsanəsi – Ajda Pekkan vardı. Sezen də iştirakçılar arasında idi, fəqət yarışın qalibi Nilufər oldu.
Sezen ilk evliliyini 1972-ci ildə Həsən Yüksəktəpə ilə həyata keçirib, lakin evlilik cəmi 3 gün çəkib.
1973-cü ildə Ege Universiteti Kənd təsərrüfatı ixtisasına qəbul olsa da, 1 il sonra Ali Engin Aksu ilə evlənir və təhsilini yarımçıq qoyur.
Onun ağlında sadəcə musiqi var idi. Nəticədə İzmir Radiosu Sənətçilər dərnəyinə üzv olub dərslər almağa başladı.
1974 – cü ildə bir fonoqraf şirkətinə qeydiyyat formunu doldurub göndərdi. Beləliklə, o, şirkətin diqqətini çəkərək İstanbula gəldi.
Sezenin 1975-ci ildə “Haydi şansım” adlı ilk musiqi parçası satışa çıxarıldı. Baxmayaraq ki, bu mahnı lövhəsi kifayət qədər tələbat görmədi, ancaq onun sənəti buraxmaq kimi düşüncəsi yox idi. Həmçinin adı özünün icazəsi olmadan “Sezen Seley” kimi qeyd edilmişdi. Bu ad isə ona uğur gətirmədi. Eyni ildə ikinci lövhəsini - “Yaşanmamış İlləri”i “Sezen Aksu” adı ilə satışa çıxartdı. Digərinə nisbətən böyük rəğbətlə qarşılanan bu lövhənin ardınca üçüncüsü də - “Olmaz Olsun” satışa çıxdı. “Olmaz Olsun” zirvələrdə birinci yeri tutdu və uzun müddət orada da qaldı.
Ardınca o, səhnəyə çıxmağa başladı. Bəbək bölgəsindəki bir kazinoda yer aldı, digər tərəfdən fonoqraf çalışmalarına davam etdi.
1978-ci ildə “Sərçə” adlı albomunu təqdim etdi. Həmin ildə ikinci həyat yoldaşı Ali Engin Aksudan da boşandı.
Bir-birinin ardınca çıxan albomlar siyahısına bir də kinoteatr filmi əlavə olundu. 1979-cu ildə Aksu film sektorunda da göründü. Sənətçinin ilk filmi baş rolunu Bulut Arasla bölüşdüyü “Minik Serçe” filmi oldu ki, bu da onun ləqəbinin – “Minik Serçe”nin yaranmasına səbəb oldu.
Bəyaz pərdədən aralı qalan sənətçi 1981-ci ildə Sinan Özərlə üçüncü evliliyə qədəm qoydu. 5 aya yaxın müddətdə evli qaldığı yoldaşından Mitat can Özər adlı oğlu oldu.Bu evliliyində də axtardığı xoşbəxtliyi tapa bilmədiyi üçün 1083-cü ildə boşandı. İllər sonra Milliyət Sənətdən Asu Moraya verdiyi müsahibəsində analıq duyğusunu belə ifadə edir: “ Bu məsuliyyət uşaqlığımdan bəri mənimlə idi, ancaq bildiyimiz analar kimi ola bilmədim. Övladımın qarşısına gündə üç dəfə yemək hazırlayıb qoya bilmədim.Bütün bunlara rəğmən o0ğlumla qurduğum münasibətin onu çox gözəl bir adam etdiyini görürəm. Kişi cəmiyyətində yaşamasına baxmayaraq, Mitat Canın qadınların tərəfində olması mənim üçün böyük sevincdir”, - Aksu bildirib.
80-ci illərdə “Füruzə”, “Sən Ağlama”, “İkinci Bahar”, “Sarışınım”, “Tükeneceğiz” və.s kimi mahnılarla türk musiqisinə töhvələr verdi. Qazandığı uğurlar sayəsində “Hey” dərgisi tərəfindən “İlin Qadın Müğənnisi” seçildi.
6 dəfə Avroviziya üçün seçkilərə qatılsa da, uğursuz oldu. Hətta 1985-ci ilə qədər onun mahnıları TRT-nin sınağından keçməmişdi. Sonradan TRT Sezen Aksunun uğurlarını görmüş, mahnılarının kanalda yayımlanmasına izn vermişdi.
90-cı illərdə də musiqiyə davam edən bəstəkar “Böyük Yalnızlıq” adlı kino üçün kamera qarşısına keçdi.
1991 – ci ildə “Gülümsə” adlı albomu çox böyük rəğbətlə qarşılandı. Şöhrətin gətirdiyi güc ilə birlikdə Aşkın Nur Yengi, Sertab Erener, Levent Yüksel kimi adların tanınmasına kömək etdi.
1993-cü ildə “Küçüğüm”, “Masum Değiliz” və “Deli Kızın Şarkısı” mahnıları ilə sevənlərinə səsləndi. Budəfəki albomun musiqi prodüseri Uzay Hepari idi.
Uzay Hepari Sezen üçün özəl biri idi. O dövrdə Onno Tunç, Uğur Yüksəl və Sezen Aksu birlikdə işləyirdi. Onno Tunç ilə Sezenin arasındakı sevgi münasibəti çöküşə doğru gedirdi.
Nəticədə, Sezen və Onno arasındakı iş yoldaşlığı davam etmədi. Yaxın dostunun təklifi ilə Uzay Hepari sənətçinin komandasına qoşuldu. Uzun müddət birlikdə çalışdıqdan sonra onlar sevgili olmuşdu. Xəbər manşetlərində “Minik Sərçənin 15 yaş kiçik sevgilisi” deyə xəbərlər paylaşılırdı. Onlar bir-birini çox sevirdilər, hətta Sezen 1993-cü ildə Ahmet Utlu ilə evləndikdən sonra Uzay: “bir yolla Ahmetlə dost olub Sezenə yaxın olmalıyam”, -deyib.
Həmin illərdə Yıldız Tilbenin də müəllimi Sezen Aksu idi. Onun evində qalan Yıldız günlərin bir günü Uzay ilə münasibət yaşamışdı.Daha sonra vicdanı rahat olmayan Tilbe bütün olanları Sezenə demiş və arada 25 illik küsülülük başlamışdı.
Uzay Hepari 1994-cü ildə motosikl sürərəkən aktrisa Demet Akbağın maşınına çırpılmış, nəticədə 8 gün komada qaldıqdan sonra 24 yaşında vəfat etmişdi.
Bütün bu olanlardan sonra Sezen Aksu Yıldız Tilbeyə xitabən “Sen de benim hatalarımdan birisin” adlı mahnını təqdim edib. Həmçinin həmin ildə çıxan “Lal” albomu Uzayın xatirəsinə həsr olunmuşdu.
2002-ci ildə Türkiyədəki bütün dilləri birləşdirən “Türkiye Şarkıları” adlı konsert turuna başladı.
1975-2006-cı illərdə yazdığı bütün mahnı sözlərini “Eksik Şiir” adlı kitabda yayımladı.
Sezen Aksu 55 illik sənət fəaliyyətində 200-ə yaxın mükafata layiq görülüb.Dəfələrlə “İlin Qadın Sənətçisi” seçildi, yardım konsertləri verdi. 20-dən çox ölkədə 1500-ə yaxın verdiyi konsertlərlə dinləyiciləri ilə arasında yıxılmaz körpü inşa etdi. Albomları 30 ildə 20 milyondan çox satıldı.
2016-cı ildə verdiyi son konsert ilə səhnələri tərk etsə də, hələ də mahnı yazmağa, bəstələməyə davam edir.
Psixloji cəhətdən gərgin dönəmlərdən keçən Aksunun fiziki sağlamlıq problemləri də görünməyə başladı. Onu uçurumun kənarına qədər aparan yol yanlış müalicə metodunun tətbiq edilməsilə başladı. Səs tellərindəki ödün artması səbəbilə qəbul edilən dərmanların müddəti və miqdarı çox olduğu üçün bir sıra xəstəliklər, saç, dırnaq, dəri sümük problemləri baş qaldırdı. Bir müddət kolit xəstəliyinə tutulan sənətçi əməliyyat olunaraq sağlamlığına qovuşdu.
Hazırladı: Fərahim Rzazadə
Mənbə: Önemli İnsanlar, Vikipediya, sezenaksu.com.tr, Mİlliyet Sanat, “Hey” dərgisi