MƏKTƏBLİ FORMALARI MƏCBURİDİR!

Bölmə: Sosial › ,
Tarix: 14:47 01.09.2023

Sosial şəbəkələrdə "məktəbli formaları məcburi deyil" kimi paylaşımlar edilib.

 

Valideynlərin bir qismi bu xəbərin rəsmi olduğuna inanaraq narazılıq edir ki, maddi çətinliklərlə forma almışıq, nəticədə formalar məcburi deyil. Bu valideynlərdən biri də Vəsilə Hüseynovadır. Vəsilə xanım məsələyə belə münasibət bildirir: "Bizi məcburi forma almaq qane etmir, çünki evdə forma varsa, yenisini almağa ehtiyac yoxdur. Yoldaşım 1-ci qrup əlil olduğu üçün bir az maddi çətinliyimiz var, forma yerinə əlavə lazım olan məktəb ləvazimatlarını ala bilərik".


Sosial şəbəkələrdə edilən məktəbli formaları ilə bağlı xəbərlərə təhsil ekspertləri necə münasibət bildirir?


Təhsil üzrə ekspert Elmin Nurizadə bu cürə xəbərlərin yalan olduğunu, sadəcə reyting üçün yazıldığını deyir: "Bu yazılar daha çox facebook, tik-tok, instagram kimi sosial şəbəkələrdə paylaşılır. Onlar özlərinə auditoriya qazanmaq üçün bu yola əl atırlar. Onlar təhsil xəbərlərini izləməyən şəxslərdir, onları məktəbli formalarının olması, olmaması qətiyyən maraqlandırmır. Onlar düşünür ki, bu, həm valideyn, həm də şagird kütləsini maraqlandıran xəbərdir, biz bunları paylaşsaq daha çox auditoriya toplaya bilərik".

 

Məktəbli formalarının məcburi olmasına gəldikdə isə ekspert qərara əsasən, məktəbli formalarının məcburi olduğunu bildirdi: "Həmçinin 4 forma forma tətbiq edilib, hər məktəb bu formanın birini seçərək öz məktəb şagirdlərinin istifadə etməsini nəzərdə tutur. Qərarda heç bir dəyişiklik edilməyib, qərar yenə qüvvədədir, artıq qiymətləri də müəyyənləşib".

 

Çinarə Muradova