Bağça qeydiyyatı qarşılığında pul tələb olunursa...

Tarix: 21:24 07.09.2023
Bakıda fəaliyyət göstərən dövlət bağçalarının birindən rüşvətlə bağlı saytımıza şikayət daxil olub.
Valideyn Zəhra Səmədova qeyd edir ki, nəvələrinin qeydiyyatı üçün bağçaya müraciət edib Bağça isə qeydiyyat üçün ondan pul tələb edib: "Yaşadığımız bölgədəki dövlət bağçalardan birinə müraciət etdik. Qeydiyyat üçün 200-300 manat, aylıq isə 20 manat pul tələb edildi. Biz isə razılaşmadıq və qeydiyyatdan imtina etdik".
Bəs, bağçalar dövlət səlahiyyətində olduğu halda niyə pul tələb edilir? Bu hal Azərbaycan Respublikasının qanunlarında necə tənzimlənir? İnformator.az məsələ ilə bağlı araşdırma edib.
Təhsil eksperti Adil Vəliyevin açıqlamasına görə belə hallara əvvəlki illər daha çox rastlanırdı: "Dövlət bağçalarının pul tələb etməsi qeyri-qanunidir. Bəzi dövlət bağçalarında valideyndən qeydiyyat üçün minimium 200-300 manat, övladlarına yaxşı baxılması üçün isə aylıq müəyyən məbləğdə ödəniş tələb olunur. Bu hal qanun pozuntusudur. Öncəki illərdə bağçalar yerli icra orqanlarına tabe olsa da, artıq Elm və Təhsil Nazirliyinə tabedirlər. Artıq biz görürük ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır, şikayətlər nəzərə alınır. Həm bağça direktorları, həm də tədrislə məşğul olan müəllimlər sertifikatlaşdırmadan, imtahanlardan keçir. Bunlar müsbət addımlardır. Düşünürəm ki, çox keçmədən mənfi halların da qarşısı alınacaq".
Valideynlər belə halla qarşılaşdıqda hara müraciət etməlidirlər? Hüquqşünas Esmira Rzayeva bu suala aydınlıq gətirib:
"Bağçalar artıq birbaşa Elm və Təhsil Nazirliyinə tabedir. Bağça rəhbərliyi və ya rəhbərliyin işçiləri rüşvət tələb edirsə, valideyn öz şikayətini bildirməlidir. Əgər işçi rüşvət tələb edirsə, rəhbərliyə, rəhbərlik tələb edirsə, Elm və Təhsil Nazirliyinin qaynaq xəttinə və ya birbaşa ərizə ilə müraciət etməklə vətəndaşlar öz hüquqlarını müdafiə edə bilərlər".
Hüquqşünas əlavə edir ki, dövlət bağçaları dövlət tərəfindən maaliyyələşdirilir və tələb edilən pul qeyri-qanunidir. Həmçinin Esmira Rzayeva açıqlamasına Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovun açıqlamasını da nümunə gətirir. Həmin açıqlama belə deyilir:
"Dövlətə məxsus bağçalarda aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur. Bağçalara dövlət tərəfindən həm ərzaq təminatı olunur, həm işçilərin məvacibləri verilir. Dövlət bağçalarına dövlət nəzarəti yüksək səviyyədədir. Hətta valideynlərin övladlarına daha çox diqqət göstərilməsi üçün müəllimələrə pul təklif etməsi belə doğru deyil. Ancaq hər iki tərəf bundan razıdırsa, biz artıq bunu tənzimləyə bilmərik”.
Nəzrin Mirzəyeva