Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq-POLİTOLOQDAN ŞƏRH

Tarix: 21:28 25.04.2025
2025-ci il aprelin 22-dən 24-dək Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev Çin Prezidenti Si Cinpin ilə görüşərək, iki ölkə arasında "Əhatəli Strateji Tərəfdaşlıq"ın qurulmasına dair birgə bəyanat imzalanıb.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki,Azərbaycanla Çin arasında münasibətlər son 33 ildə yüksələn xətt üzrə inkişaf etməkdədir:
“Keçən il tərəflər Strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar və çox qısa müddətdə bu münasibətlər daha yüksək səviyyədə qalxıb.Azərbaycan Prezidentinin Çinə səfəri də bunun bir təzahürü kimi dəyərləndirilməlidir.Bu səfər olduqca geniş və əhatəli müzakirələr və qəbul edilən qərarlarla zəngin oldu.İmzalanmış bəyanat çox mühüm bir siyasi sənəddir.Bu sənədlə tərəflər bir-birinə münasibətlərini və strateji tərəfdaşlığın yüksək səviyyəyə qaldırılmasına maraqlı olduqlarını göstəriblər. Bu səfər o demək deyil ki,Azərbaycan özünün xarici siyasət prioritetlərini Çinə yönəldib.Bu belə anlaşılmamalıdır. Azərbaycan balanslı bir siyasət aparır,amma son dövrlər daha çox qlobal Cənub ölkələri ilə münasibətdə intensiv bir inkişaf dinamikasını müşahidə edirik.Əlbəttə ,Çin dünyanın ikinci böyük iqtisadi,siyasi həm də hərbi gücüdür.Qlobal miqyasda rolu da getdikcə artmaqdadır.İnkişaf tempinə görə lider mövqeyini qorumaqdadır.Bundan əlavə, kosmik sahədə yeni texnologiyalar,nanoteknologiyalar, yaşıl enerji kimi stratejik sahələrdə Çin olduqca önəmli irəliləyişlərə nail olub və lider durumundadır.Azərbaycanla bu istiqamətdə də razılaşmaları olub.Bu hər iki tərəfin mənafeyinə uyğun olan bir məsələdir.Azərbaycan özünün strateji mövqeyini çox doğru istifadə edərək beynəlxalq arenada nüfuzunu gücləndirməkdədir".
Politoloq əlavə edib ki, Çin də Azərbaycanın “Bir kəmər,bir yol” layihəsindəki rolunu ciddi dəyərləndirir.Məhz bu istiqamətdəki əməkdaşlıq da xüsusi bir prioriet təşkil edir:
"Azərbaycan Orta Dəhlizin əsas coğrafi məkanıdır,özünün müasir infrastrukturu ilə bu layihədə aktiv iştirakı ilə bu layihələrə Çindən sonra ən çox yatırım edən ölkə kimi xüsusi diqqətə layiq addımlar atıb ki, bu da iki ölkənin maraqlarını uzlaşdıran səbəblərdəndir.
Hesab edirəm ki,bu səfər iki ölkə arasında münasibətlərin dinamikasına ciddi təkan verəcək.Bundan sonra münasibətlər daha güclü şəkildə inkişaf edəcək,qarşılıqlı investisiyalarım artımını müşahidə edəcəyik.Çin şirkətlərinin Azərbaycanda yaşıl enerji sektorundakı aktiv iştirakının daha da güclənəcəyini görəcəyik.İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Çin şirkətlərinin rolunun artmasını görəcəyik.Azərbaycanın da, nadir ölkələrdən olması faktı odur ki,Azərbaycan Çində 6 ticarət evi açan azsaylı ölkələr sırasındadır”.
Səkinəbəyim Cəfərova