3 GÜNLÜK SENTYABR DÖYÜŞLƏRİNDƏN BİR İL ÖTÜR

Bölmə: Araşdırma › ,
Tarix: 22:46 13.09.2023

  Düşmən təxribatına cavab olaraq ötən ilin bu günü başlamış əməliyyatlardan bir il ötür. Baş verən toqquşma nəticəsində 80 hərbi qulluqçumuz şəhid olub, 282-si isə yaralanıb.

  12 senyabr 2022-ci il... Ermənistan Silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Cavabları isə gecikməyib. Təxribatın qarşısının dərhal alınması məqsədilə bölmələrimiz təxirəsalınmaz tədbirlər həyata keçirib. Düşmən isə əməllərindən əl çəkməyib - Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələrini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Silahlı toqquşma 3 gün davam edib. Nəticədə düşmən susdurulub. Təxribata layiqli cavab verilib. Ordumuz bütün gücü ilə, qəhrəmancasına düşmənlə mübarizə aparıb. Bu uğurda silahlı qüvvələrimizin 80-ə yaxın hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.

  Silahlı toqquşmanın birinci ildönümündə xalqımız şəhidlərimizi unutmadı. Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyir ki, qardaşı 44 günlük Vətən Müharibəsindəki döyüşlərdə 39 qəlpə yarası alsa da, yenidən cəbhəyə gedib. “İnsan fikirləşməzdi ki, düşmən belə bir şey eləyər. Həmin o təxribat nəticəsində 80 nəfərə yaxın şəhidimiz oldu, onlardan biri də mənim qardaşımdı”.

 

  Səbuhi Əhmədov torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canından keçən şəhidlərimizdən sadəcə biridir. Bu uğurda gözünü qırpmadan, ölümün gözünə baxa-baxa canını qurban verən qəhrəmanlarımızı xalqımız unutmur, unutmayacaq.

 

NƏRGİZ