UKRAYNA TƏRƏFDAŞLARINI NİYƏ İTİRİR?

Bölmə: Araşdırma › ,
Tarix: 12:45 04.10.2023

   Rusiya-Ukrayna müharibəsinin başlamasından 20 ay keçir... Rəsmi Kiyev məhz indi gözləmədiyi ssenari ilə üz-üzə qalıb. Əvvəl Avropa ölkələrinin bir neçəsi indi isə BŞ Ukraynaya hərbi yardımı kəsmək qənaətinə gəlib. Ukraynanın əkshücum əməliyyatları fonunda dəstəyin kəsilməsi isə  heç də Kiyevin hazır olduğu situasiya deyil. Maraqlıdır, cəbhədə vəziyyətin daha da kritikləşdiyi bir vaxtda yardımlardan məhrum edilən Ukraynanı hansı gələcək gözləyir?  

   Rusiya-Ukrayna müharibəsi artıq ABŞ və Qərbin çiyinlərində daşınması çətinləşən ağır yükə çevrilir. Müharibənin uzanması və Ukraynanın əks hücum əməliyyatlarının uğursuzluğu rəsmi Kiyevin dəstəkçiləri ilə münasibətlərini kritikləşdirir.Belə ki,Polşanın silah yardımını kəsməsindən sonra ,indi də ABŞ uzunmüddətli maliyyə çatışmazlığı səbəbindən  yardım üçün müqavilə layihələrini faktiki olaraq dondurub. Verilən rəsmi məlumatlara görə, Pentaqonun Ukrayna üçün ayırdığı hərbi yardımın həcmi 5,2 milyard dollar təşkil edir ki, indiki xərclər səviyyəsində bu, təxminən altı ay kifayət edəcək. Kiyevə uzunvədəli dəstək üçün büdcənin mövcud olmadığını deyən Ağ Ev hazırki məbləğin yalnız təcili yardımlar üçün kifayət edəcəyini bildirir. Son bir il ərzində Ukrayna müharibəsinə 85 milyard avro xərcləyən Aİ-dən də narazılıq səsləri ucalmağa başlayır. Xüsusilə də, Fransa, Almaniya və İtaliya daxili büdcədən ayrılan bu maliyyə yükünün artıq çəkilməz səviyyəyə çatdığı qənaətindədirlər. İttifaqda Macarıstandan sonra Slovakiya da yaxın günlərdə Kiyevə yardımı tamaMilə kəsməyi planlaşdırır. Milli gəlirlərinin əhəmiyyətli hissəsini Ukraynaya xərcləmək istəməyən Qərb ölkələri vəsaiti sosial-iqtisadi böhranın həllinə yönəltməyin daha səmərəli olacağı fikrindədirlər.

   Qərb, xüsusilə də  Aİ ölkələrini bu kimi çıxışlara və yardımı geri çəkməyə məcbur edən əsas amillərdən biri təbii ki,müharibənin gedişatıdır. Əkshücum əməliyyatının uğursuzluğu fonunda artıq Qoca qitədə Ukraynanın məğlubiyyətinin Avropaya vəd etdiyi mümkün təhlükələr gündəmə gəlir. Aİ ölkələrinin Kiyevə yardımda tərəddüdə düşməsində digər faktor isə Ukraynaya yardımın BŞ siyasi elitasında ciddi qarşıdurmalar yaratmasıdır. Son vaxtlar Ağ Evə qarşı siyasi rəqiblərin təzyiqlərinin maksimum  həddə çatması qitə ölkələrini eyni talehi yaşamaq qorxusu ilə üz-üzə qoyub.

   Qitə ölkələri içərisində Ukraynanın  Rusiyanı tam məğlub edəcəyi vaxta qədər dəstəyin davam etdirilməsini müdafiə edənlər də az deyil. Lakin ekspertlər Qərbin hazırki dəstəyinin Moskvanın məğlubiyyətini təmin edəcək səviyyədə olmadığı fikrindədirlər. Səbəb isə müharibədə böyük üstünlük əldə etmək üçün Kiyevə uzaqmənzilli raket və F-16-ların tədarükünün vacib olmasıdır.Ancaq Qərb çox gözəl bilir ki,Ukrayna sözügedən silahlarla təmin olunarsa  Rusiya nüvə silahından istifadə edə bilər.Kiyevə qabaqcıl silahlar verilsə belə, qəti qələbənin mümkün olmayacağını deyənlər isə əvvəlcə atəşkəs, sonra isə sülh danışıqları prosesini təklif edirlər. Bu təklif isə bir növ ilhaq olunmuş ərazilərin itirilməsi deməkdir. 

 İSMAYIL