Ustadına kəm baxanın Gözlərinə qan damar, damar-Tələbə yazır

Tarix: 09:50 05.10.2023
UNESKO-nun qərarı ilə 1966-cı ildən 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Ölkəmizdə isə bu günə 1993-cü ildən dövlət səviyyəsində diqqət ayrılır.
Bu mövzu haqqında danışmaq mənim üçün çox qürurvericidir. İllər boyu əziyyətimizi çəkən, öz şamını əridərək şagirdlərinə, tələbələrinə işıq olmağa çalışan müəllimlərimizin haqqını necə ödəyə bilərik ki?! Təkcə bu gün yox, müəllimlərimizi hər gün anmaq bizlərin borcudur. Onlar olmasalar ən yüksək vəzifələrdə çalışan insanlar belə indi kim bilir haralarda olardı.
“Tibbin atası” kimi tanınan məşhur filosof, həkim İbn Sina məktəbə getməmiş, atasından və bir neçə tanış müəllimindən aldığı dərslər və öz səyi sayəsində o dövrün elminə yiyələnə bilmişdi. Fransız filosofu O.Kant demişdir ki, “Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür”. Bu həqiqətən belədir, ən yaxşı dövlət başçıları belə ölkəsini uğurla idarə etməyi bacarırsa o, bunlara görə müəlliminə çox şey borcludur.
Əziz müəllimlər, siz hər zaman var olun, hər zaman çiçəklənən doğma diyar - Azərbaycanın şəfəqlərdə saçan işığı olun, hər zaman isti nəfəsinizi və qucağınızı şagirdlərinizin, tələbələrinizin üstündə saxlayın, hər zaman gələcək nəsillərə fayda verəcək xeyirli vərəndaşlar yetişdirin, hər zaman yaşayın, yaradın və parlayın!
Haqqınız ödənməzdir, haqqınızı halal edin…
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”,- Ulu öndər Heydər Əliyev.
Meşədiyeva Türkanə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi