LAPLASIN ŞEYTANI
Bölmə: Araşdırma › ,Tarix: 17:29 09.10.2023
"Əgər"lərlə yetişmiş bir gənclik var, nəinki ümidlərlə.
"Bəs"lərlə böyüyən uşaqlar artır, nəinki "Anladım"larla.
Bir cəmiyyət yetişir, necə yetəcəyini mənim də bilmədiyim.
Bir ara Adam Fawerin "İmprobable" ("Ola bilməyəcək") kitabındakı Laplasın şeytanı olmaq istəyirdim, hər şeyi bilmək. Daha doğrusu, hər şeyi deyil də, gələcəyi görmək. Lakin sonra bu fikrimdən daşındım, özümü bu kimi düşüncələrlə yormaq istəmədim.
"Gələcəklə bağlı hər şeyi ətraflı görə biləcək olsam, ilk nə edərdim?"-,dedim özümə. Böyük ehtimalla, çox anlamsız şeyləri araşdırardım. Başqalarının həyatını öz həyatım yaxşı olsun deyə dəyişdirmək istəyəcək həddə gələr və bunun doğru hərəkət olmadığını bildiyim üçün vicdan əzabı çəkərdim. Çünki mən daim liderliyə can atan biri deyiləm. Mən sadəcə öz həyatımı yaşamağa çalışan insanam, başqalarınınkına müdaxilə etməyə çalışan yox.
İndi deyə bilərsiniz ki, nə əlaqə? Çünki mən olsam, deyərdim, ağlıma ilk bu sual gələrdi.
YouTube-da Portal kanalında Dostoyevskinin "Cinayət və cəza" adlı kitabı haqqında izahat videosuna baxsanız, nə demək istədiyimi anlayarsınız.
Çünki şəxsən mən də o əsərdə bacısını qurtarmağa çalışan oğlan kimi bu dünyaya öz uğurları naminə başqa insanları həba etməyə hazır şəkildə gəlməmişəm.
Öz həyatını yaşamalısan və öz məqsədlərinə uyğun seçimlər etməlisən. Lakin doğru olduğunu, vicdan əzabı çəkməyəcəyini düşünürsənsə etməlisən.
Özünü sevmək, özünə dəyər vermək əsla yanlış deyil, əgər həddi aşmırsansa.
Həyatın bir mənası da bu deyilmi, onsuz da? Müxtəlif sərhədlər var və biz bu sərhədləri aşmamalıyıq.
"Qaydalar yox edilmək üçündür",-fikri əsla hər şəraitə uyğun deyil çünki. Burada da bir qədər özünə verdiyi dəyər çıxır insanın qarşısına.
Məsələn, Universitetə hazırlaşan bir tələbəsinizsə, o kodlaşma olanda özünüzü düşünməlisiniz. Aid olduğunuzu hiss etdiyiniz yeri tövsiyələri də dinləyərək müəyyənləşdirməlisiniz. Bu mövzuda az da olsa problem yaşayan biri olaraq deyə bilərəm ki, ən doğrusunu etdim və vicdanım rahatdır.
Mənim gənclikdən, həmçinin özümdən istədiyim budur. Aldatmalar, fırıldaq və yalanlar, gərəksiz savaşlar olmayan həyatlar görmək. "Dvij" adı ilə saman altından su yeridənlər deyil, öz həyatını istədiyi kimi yaşamasa belə, digərlərinin həyatını zəhərə çevirməyən insanların yaşamlarına şahid ola bilməkdir.
"Yaxşı övlad" qavramı yerinə ən çox "yaxşı valideynlər" diləyirəm. Unutmayaq ki, indiki gəncliyin bir qismi gələcək valideynlərdir...
Aydan Qasımova
Şəklin mənbəsi: Pinterest