Azərbaycanın ən güclü dövlətinin qurucusu- Şah İsmayıl Xətai
Bölmə: Araşdırma › ,Tarix: 23:34 20.12.2023
Şah İsmayıl Xətai 17 iyul 1487-ci ildə Ərdəbildə anadan olub. Atası Şeyx Heydər Ağqoyunlu hökmdarı Uzun Həsənin bacısı oğlu, anası Aləmşah bəyim isə Uzun Həsənin qızıdır.
İsmayıl 1 yaşındaykən atası Şeyx Heydər Şirvanşah qoşunu ilə döyüşdə öldürüldü. Heydərin ölümündən sonra İsmayıl və onun ailəsi Sultan Yaqub tərəfindən İstəxr qalasında həbsə salındı və 5 il burada saxlanıldı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib Ərdəbilə yolladı. Sultan Rüstəm qızılbaşların köməyi ilə Baysunquru devirdikdən sonra Qızılbaşları aradan götürmək istədi. İsmayılın böyük qardaşı Şeyx Əli öldürüldü lakin qızılbaşlar İsmayılı Lahicanda gizlədə bildilər. İsmayıl 12 yaşına çatanda ailəsinin intiqamını almaq üçün qoşun toplamağa-Ərzincana yola düşdü. Ərzincan müşavirəsində ilk zərbənin Şirvanşah Fərrux Yassara vurulması qərara alındı və beləliklə İsmayıl Azərbaycan uğrunda mübarizəyə başladı.1500-cü ilin payızında Cabanı düzündə Qızıblaşlar və Şirvanşahlar arasında döyüş baş verdi. İsmayıl bu döyüşdə özündən 3 qat böyük ordunu məğlub etdi. İsmayılın güclənməsindənüclənməsindən qorxan Əlvənd Mirzə 30 minlik qoşunu ilə İsmayılın üzərinə hücüma keçdi lakin İsmayıl onu 7 minlik qoşunu ilə məğlub etdi. Əlvənd Mirzəni məğlub edən İsmayıl Təbrizə daxil oldu və özünü Şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla Həmədən yaxınlığında döyüş də Şah İsmayılın qələbəsi ilə nəticələndi. Səfəvilər dövlətinin güclənməsi şərqdə Şeybanilər dövlətini narahat edirdi. Bunun qarşısını almaq istəyən Şeybani xanla Şah İsmayıl arasında baş verən döyüşü Şah İsmayıl qazandı və bununlada Səfəvilər dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Şah İsmayılın bu dərəcədə güclənməyi qərbdə Osmanlı Şahzadəsi Yavuz Səlimi narahat edirdi. Atasını öldürüb hakimiyyətə gələndən sonra Sultan Səlimin ilk işi Səfəvilərə yürüş olacaqdı. Sultan Səlimin hücumunu xəbər alan Şah İsmayıl onu Maku yaxınlığında Çaldıran düzündə qarşıladı. Baş verən döyüşdə say çoxluğu olan və odlu silahdan istifadə edən Osmanlıları Səfəviləri ağır məğlubiyyətə uğratdı. Bununlada Səfəvilər dövlətinin ani yüksəlişi dayandı. Döyüşdə silahdaşlarını və həyat yoldaşını itirən Şah İsmayıl bu itkilərdən çox sarsılır, bir daha heç bir yürüşə özü başçılıq etmir və ömrünün qalanını Xətai ləqəbli şeirlər yazaraq keçirir. 1524-cü il baharında Tarixin gördüyü nadir şəxsiyyətlərdən olan Şah İsmayıl Xətai Novruz bayramında vəfat edir. Şah İsmayıl Səfəvi 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırıb, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırıb. Şah İsmayıl böyük sərkərdə olmağından əlavə incə ruhlu bir şair idi. İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaradıb. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlədib, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib. Bu böyük şəxsiyyətlə Azərbaycan xalqı hər zaman fəxr edəcək və onu hörmətlə anacaq.
Yusif Mamedov