Mənzil bazarında qiymətlər-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › , İqtisadiyyat › ,
Tarix: 23:03 29.12.2023

 "Hal-hazırda mənzil bazarında stabillik hökm sürür, nə qiymətlət ucuzlaşır, nə də bahalaşır"

 Bu sözləri informator.az -a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə qeyd edib.

 

Mənzil qiymətləri ilə bağlı danışan ekspert deyir ki,  mənzil təkliflərinin sayı azdır, bu gün real qiymətə olan mənzillər dərhal alınır, amma baha olan mənzillər hələ də bazarda gözləmə mövqeyindədir.

 

"150 min manata qədər olan mənzillərin alıcısı var, bunlar alına bilən və dərhal alınan mənzillərdir. Bir otaqlı, köhnə tipli mənzillər təxmini 70 min manatdan başlayır, şəhərin mərkəzində isə 100-110 min manatdan başlayır, belə mənzillərin qiyməti 2 otaqlılar 85 mindən, 130 minə qədər, 3 otaqlılar isə 95-100 mindən başlayaraq 180 minə qədər davam edir. Köhnə mənzil dedikdə  "Xruşşovka", "Minsk", "Leninqrad", "Kiyev" layihəli evlər aid edilir. Bunların içində ən bahalısı " Leninqrad" layihəli mənzillərdir, bunlar daha likvid, ipotekaya yararlı olduğuna görə daha axtarılandır. Məsələn, "Xruşşovka" layihəlilər 70 min manatdırsa, bir otaqlı "Leninqrad" layihəli isə yerindən asılı olaraq 85-100 min arasında dəyişir".

 

Ekspert həyət evləri və mənzil qiymətlərini də müqayisə edərək səbəblərini bildirib. 
O, hesab edir ki,  hər zaman daha çox mənzillərə üz tutulur.

 

"Bunun səbəbi isə mənzillərin həyət evindən daha likvid, çox axtarılan olmasıdır. Həyət evləri fərqli qiymətə olur,qiymətinə tikinti, torpaqla bağlı təsir edən amillər çox olur. Buna görə də alıcılar mənzillərə daha üz tuturlar".

 

Müsahib sonda növbəti il üzrə evlərin qiymətləri ilə proqnozlar verib. Ramil Qasımzadə düşünür ki, gələn il qiymətlərdə eniş gözlənilmir, lakin artma ola bilər.

 

 

"Çünki artıq indidən bəzi mənzil tikinti kooperativləri qiymətləri yüksəldəcəkləri ilə bağlı anonslar verirlər, bunun səbəbləri isə son zamanlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tətbiq etdiyi qaydalar, müəyyən tələblərin sərtləşdirilməsi, torpaq bazarında qiymətlər qalxmasıdır. Artıq 1500 orta qiymət deyil, hal-hazırda orta qiymət 2000-2500 arasında qiymətdir, gələn il isə orta qiymət 3000 manat olacaq".

Nəzrin Mirzəyeva