Tarixdə Bu gün-Səməndər Rzayevin doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 22:11 02.01.2024
Bu gün Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı-Səməndər Rzayevin doğum günüdür.
Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olub. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
Kinoşünas Aygün Aslanlı informator.az-a müsahibəsi zamanı qeyd edib ki, Səməndər Rzayev həqiqətən Azərbaycan kinosunda və teatrında öz yeri olan, sözün hərfi mənasında iz qoymağı bacaran aktyor olub.
"Səməndər Rzayevin oynadığı bütün rollar yaddaqalandır. Ümumiyyətlə Səməndər Rzayev Azərbaycan İncəsənətində dərin iz qoyub".
Aktyor Ötkəm İskəndərov informator.az-a açıqlamasında bildirib ki, Səməndər Rzayev aktyorluğundan əlavə həm də böyük dublyaj və səsləndirmə ustası idi.
""İstintaq" filmində Kalyagini səsləndirmişdi, "Kral Lir" də Kralı çox məharətlə dublyaj etmişdi. Biz ondan çox şeyi öyrənmişik. Səməndər Rzayev təkrar olunmaz bir sənətkar idi".
Yusif Mamedov