Tarixdə bu gün-Cavad xanın anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 22:40 03.01.2024

Bu gün ruslar tərəfindən məğlub olacağını bilsədə təslim olmayan, son damla qanına kimi işğalçılara qarşı vuruşan Cavad xanın şəhid olduğu gündür.



Cavad Xan 1748-ci ildə Gəncədə anadan olub. O, Gəncədə uzun zamandır hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan taxta çıxanda Gəncənin üstünü qara buludlar örtrdü. Gürcülər Gəncəni işğal etmək istəyirdi. Əlbəttə, Cavad xan  buna yol verə bilməzdi. Gəncədə bu hadisələr cərəyan edərkən Azərbaycan xanədanından olan Ağa Məhəmməd xan Qacar Qafqaza yürüş təşkil edirdi. Bundan məharətlə istifadə edən Cavad xan, Ağa Məhəmməd xan Qacara öz itaətini bildirdi. Öz qoşunlarını Qacar qoşunları ilə birləşdirən Cavad xan Ağa Məhəmməd xanın Gürcüstan səfərinə qoşuldu. Qacar və Gəncə qoşunları gürcülər üzərində qələbə qazandı. Bununlada Cavad xan Gəncəni işğal təhlükəsindən xilas etdi.

 

 

Cavad xan bu dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etməyi təklif edir, ruslara qarşı koalisiya yaratmağa çalışırdı. Lakin həlledici anda onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır.

Gəncənin işğalı ruslar üçün çox əhəmiyyətli idi. Gəncəni döyüşsüz təslim almaq istəyən Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır. 1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlanır. Qeyri-bərabər döyüşdə ruslar şəhəri almağa müvəffəq olur. Bu döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu xan ruslara qarşı döyüşərək qəhrəmancasına həlak oldu. Adını tarixə qızıl hərflərlə yazdıran Cavad xan Gəncədə Şah I Abbasın tikdirdiyi məşhur Cümə məscidində dəfn olundu.

 

 Yusif Mamedov