Tarixdə bu gün-Cəlil Məmmədquluzadənin doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 22:15 04.01.2024
Bu gün Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri-Cəlil Məmmədquluzadənin doğum günüdür.
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. Kiçik tacir ailəsində böyüyən Cəlil, daim elmə maraq bəsləyib. O, Molla Əli Hüseynzadənin məktəbində 3 il, Hacı Molla Bağırın məktəbində 2 il təhsil alıb. Bu vaxt ərzində ərəb və fars dillərini mükəmməl öyrənən Cəlil daha sonra Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Cəlil burada rus dilinidə öyrənir. Həmçinin bu məktəbdə keçirilən dünyəvi fənnlər Mirzə Cəlilin dünyagörüşünün inkişafına böyük təsir göstərib. Ədib bundan sonra 5 il müddətində Qori Müəllimlər Seminariyasında təhsil alıb. Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayır.
Mirzə Cəlil Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınıb. O həmçinin Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib. Bundan sonra Ədib İlk nömrəsi 1906-cı il aprelin 20-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yaratdı.
1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçür. Təbrizdədə Ədəbi fəaliyyətinə davam edən Mirzə Cəlil daim xalqının maariflənməsi üçün çalışır. Bütün ömrünü xalqının gözünü açmaq üçün çalışan bu böyük şəxsiyyət 1932-ci ildə beyin qansızmasından vəfat edir.
Mirzə Cəlil və onun kimi bir çox ziyalı Milli Oyanış Hərəkatı ilə Azərbaycan xalqının gözünü açır. Bu oyanan xalq gələcəkdə böyük fədakarlıqlar edərək Müsəlman şərqində ilk türk Cumhuriyətini quracaqdı.
Yusif Mamedov