Atasından pul istəyən baş nazir-Nəsib bəy Yusifbəyli
Bölmə: Araşdırma › ,Tarix: 21:26 10.01.2024
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. O, orta təhsilini Gəncə gimnaziyasında alıb. Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olsada, Çar hökumətinin universiteti bağladığı üçün universiteti bitirə bilmir. Bundan sonra o, İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərir. Nəsib bəy Yusifbəyli həmçinin o illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib.
Nəsib bəy tələbəlik illərindən başlayaraq daim millətinin irəliləməsi üçün çalışıb. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə onun rəhbərliyində Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə daha sonra "Müsavat"la birləşir və Nəsib bəy birləşmiş partiyanın Gəncə şöbəsinin sədri seçilir.
Nəsib bəy Yusifbəyli 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə üzv seçilir. Müsəlman fraksiyası təşkil olunduqdan sonra fraksiyanın sədri Məhəmməd Əmin Rəsulzadə, sədr müavinlərindən biri də Nəsib bəy Yusifbəyli olur.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra edib. Cümhuriyyətdə baş nazir vəzifəsində çalışarkən Nəsib bəy bir sıra maddi çətinliklər çəkir və atasına məktub yazaraq ondan pul istəyir. Atası isə Nəsib bəyin məktubuna belə cavab verir:
"Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsən mi?"
Nəsib bəy Yusifbəyli və onun kimi qurucu ziyalılarımız Azərbaycan üçün böyük fədakarlıqlar edib. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Nəsib bəy Yusifbəyli Tiflisə doğru hərəkət edərkən yolda müəmmalı şəkildə vəfat edir. Bəzi mənbələrə görə O, quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilib.
Azərbaycan xalqı Nəsib bəy Yusifbəyli və onun kimi qurucu ziyalılarımızı heç vaxt unutmamalıdır!
Yusif Mamedov