Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bir neçə məsələ müzakirə olunub
Bölmə: Sosial › ,Tarix: 19:40 02.02.2024
"Dövlət büdcəsinə ödəniş etməklə hərbi xidmət müddətini azalda bilərik".
"Yollardakı avtobus və velosiped zolaqları paytaxtın tıxacını daha da pisləşdirir".
"Sürət həddinin azaldılması qəzaların sayını azaldır mı"?
Bu müzakirələr Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında aparılıb.
Deputat Hikmət Babaoğlu yollardakı sürət həddinin tez-tez azaldılması ilə bağlı narazılığını bildirib. Deputat deyib ki, sürət həddinin azalması yanacaq sərfiyyatını artırır, havanı zəhərləyir, əlavə olaraq sürücülərdə stress yaradır.
"Qəzaların sayı nə qədər azaldı? ekologiyamız nə qədər təmiz qaldı? Yanacaq sərfiyyatı nə qədər azaldı? Vətəndaş nə qədər vaxt qazandı? Bunların heç biri yoxdur. Sürəti aşağı salmaqla təhlükəsizliklə bağlı heç bir müqayisəli rəqəm yoxdur. Sürət 110km/saat olanda nə qədər vətəndaşımız qəzalarla üzləşirdi, 90 km olanda nə qədər üzləşib. Kim ki o yollarla bağlı məhdudiyyətləri qoyur zəhmət çəksin bir hesabat versin ictimaiyyət qarşısında görək nəyə nail olduq. Həm də düşünürəm ki, bu Bakı-Quba yolu, Bakı-Gəncə yoluna da aiddir".
Millət vəkili həm də son vaxtlar yollarda çəkilən avtobus və velosiped zolaqları ilə bağlı iradlarını bildirib.
" Orada iki zolaqlı avtomobil yolu var. Zolağın biri qalıb, digərinin ortasından velosiped yolu çəkiblər. Yəni bununla biz nə etməyə çalışırıq bəlli deyil. Vətəndaşlarımızın təhlükəsizliyinin qeydinə qalırıqsa, elə deyil, çünki bu yenə məcburi şəkildə avtomobil yoluna çıxacaqdı. Qış parkıyla gedərkən birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi qabağa çıxıb. Bu yaxınlarda Bakı- Sumqayıt yolunda avtobuslar üçün xüsusi zolaq yaratdılar. Nə avtobuslar, nə də özəl avtomobildən istifadə edənlər vaxtında çata bilir. Əlavə problem yaratmışıq. Onlar müxtəlif cərimələrlə üzləşirlər, bu problemin bir tərəfi, amma bu hərəkət yolun yük götürmə qabiliyyətini artırmır".
Deputat Fəzail Ağamalı qeyd edib ki, saatlarla bu xidmətdən yararlanmalı olan şəxslərə hazırkı qiymətlər sərfəli deyil.
"Ayrı-ayrı insanlarımız, vətəndaşlarımız 8 saat iş yerində olur, o, iş yerinə gələndə təbii ki, avtomobillə gəlir. Avtomobilini iş yerində saxlayır, amma onlara güzəşt yoxdur. Saatı 1 manatdırsa və 1 saat keçdikdən sonra 2 manat olur, beləliklə bu rəqəmə vurulanda kifayət qədər ciddi pul hesab olunur. Ali məktəblərin müəllimləri iş yerlərinə gələrkən, eyni zamanda tələbələrdən bəziləri də şəxsi avtomobilləri ilə gəlirlər, onlar da bu cür güzəştlərdən uzaqdılar".
İclasda deputat Elnur Allahverdiyev isə hərbi xidmət müddətinin qısaldılması ilə bağlı təkliflə çıxış edib.
Onun sözlərinə görə, Türkiyə təcrübəsindən istifadə etməklə müəyyən ödəniş müqabilində hərbi xidmət müddətini aşağı salmaq olar.
Deputat düşünür ki, bunun tətbiqi gənclərin təhsil prosesinə müsbət təsir edə bilər.
"Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçirilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım və yaxud ali təhsilli vətəndaşlar üçün 1 il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsait ödənilməsi müqabilində xidməti 2 yaxud 6 ay müddətdə keçmək olar. Gənclərimiz 2 aylıq xidməti bitirib təhsilini davam etdirməyə yaxud kariyera quruculuğu prosesinə qayıda bilərlər".
Qeyd edək ki, plenar iclasın gündəliyinə 10 məsələ çıxarıldı. 4 məsələ birinci oxunuşda, 2 məsələ ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.