Toral Bayramov “Qalatasaray”da?

Bölmə: İdman › ,
Tarix: 13:25 06.02.2024

Türkiyə Super Liqasının cari çempionu “Qalatasaray” Toral Bayramovu transfer etmək niyyətindədir.

 

Mətbuatda dolaşan xəbərlərə görə “Qalatasaray” klubunun idman direktoru Cenk Ergün “Sabah”la matçda Toralı yaxından izləyib və bəyənib, onun “Qalatasaray” səviyyəsində bir futbolçu olduğunu deyib.

Superliqada azərbaycanlı futbolçuların yerli statusa malik olması da bu transferə təkan verən amillərdən biridir.

Bu transfer iddiaları ilə bağlı Ceyhun Sultanov informator.az-a açıqlama edib:

“Qalatasarayın Toralı istəməsi çox müsbət bir haldır. Bu transfer gerçəkləşərsə,həm Qarabağ adına,həm də Azərbaycan futboluna xeyirli olar. Toral çox istedadlı bir futbolçudur. 

Əgər “Qalatasaray” yox, Avropanın başqa aşağı səviyyəli klubu Torali istəsəydi, mən heç vaxt Toralın getməsini düzgün addım kimi deməzdim.Çünki “Qarabağ” da Avropa komandasıdır və Avropada elə komandalar var ki, onlardan üstündür. Bu gün “Qalatasaray”ın Toralı istəməyi o deməkdir ki, deməli milli çempionatımıza diqqət artmağa başlayıb. Ümid edirəm ki, bu transfer reallaşar. Həm Torala, həm da “Qalatasaray”a uğurlar arzu edirəm.”

 

Hazırda Superliqada həmyerlilərimizdən “Hatayspor”da Renat Dadaşov, “Adana Dəmirspor”da Şahruddin Məhəmmədəliyev forma geyinir. Keçən mövsüm Mahir Emreli də icarə əsasında “Konyaspor”da oynayırdı. 

 

Qeyd edək ki, “Cimbom” Toralla yanaşı, “Qarabağ”ın digər sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə də maraqlanır.

 

 

 

Müzəffər Quluzadə