DÇ-2026: AFFA Azərbaycan millisinin heç bir ev oyununu Gəncədə keçirməyi planlaşdırmayıb

Bölmə: İdman › ,
Tarix: 17:10 29.07.2025

AFFA Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarından heç birini Gəncə şəhər stadionunda keçirməyi planlaşdırmayıb.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, daha əvvəl seçmə mərhələdə D qrupunun Fransa ilə ev matçının Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər tirajlansa da, əslində bunun heç bir əsası olmayıb.

 

Belə ki, milli komandanın 3 ev oyunundan heç birinin hazırda inşası davam edən Gəncə şəhər stadionunda keçirilməsi müzakirə edilməyib. Lakin gələcəkdə Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının Gəncədə təlim-məşq toplanışı keçəcəyi istisna olunmur. Qeyd edək ki, Azərbaycan yığması yer aldığı D qrupunda İslandiyanı noyabrın 13-də "Neftçi Arena"da, Ukrayna və Fransanı isə, uyğun olaraq, sentyabrın 9-da və noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.