Tarixdə bu gün-Şövkət Ələkbərovanın anım günüdür…
Bölmə: Mədəniyyət › , Araşdırma › ,Tarix: 17:47 07.02.2024
Bu gün dahi sənətkar, xalq artisti Şövkət Ələkbərovanın anım günüdür. 1922-ci il 20 oktyabr tarixində anadan olan sənətkar Azərbaycan muğamına bir çox töhfələr verib. Xalq musiqisi və muğam janrında çıxış edən müğənni, 1993-ci il 7 fevral tarixində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Musiqişünas Lalə Hüseynova Şövkət Ələkbərovanın fəaliyyəti haqqında informator.az-a açıqlamasında bildirib ki, Şövkət Ələkbərova 20-ci əsr Azərbaycan musiqisində yeni proseslərin yaradıcılarından biri olub. Eyni zamanda yeni mahnılar yaradıb.
‘’Azərbaycanda əlbəttə mahnı janrı var idi, bu mahnıları xanəndələr yaradırdı. Lakin ‘’bəstəkar mahnıları’’ ənənəsi yarandı və bu dövrün sənətkarlarının özünəməxsus xüsusiyyətlərini özündə birləşdirirdi. Azərbaycan musiqiçiləri yavaş-yavaş bu janra üz tuturdu. Şövkət Ələkbərova musiqiyə muğam ilə gəldi. Məlumdur ki, o, əvvəl kamança təhsili alıb. Musiqiçi ailəsində göz açan Şövkət Ələkbərova muğam repertuarında, oxuduğu muğamları ilə şöhrət qazanıb’’.
Lalə Hüseynova qeyd edir ki, müsabiqələrə çıxıdığı zaman başda Üzeyir Hacıbəyli olmaqla, digər tanınan sənətkarlarımız onu görüblər və onun səsinə artıq repertuar yaratmağa başlayıblar.
‘’Şövkət xanım Səid Rüstəmovun, Tofiq Quliyevin, Ramiz Mirişlinin, Emin Sabitoğlunun və s. musiqiçilərinin mahnılarının ilk ifaçısı olub. Onun səsinin çox qeyri-adi tembri var idi ki, indi də həmin tembrı heç kimlə səhv sala bilmirik. Onun səsi yeni mahnılara da çox uyuşdu və bizim bəstəkarlar da Şövkət xanımın bir sənətkar kimi formalaşmasında rol oynadılar, yeni mahnılar bəstələdilər. Həmin mahnıları da Şövkət xanım mükəmməl ifa edib’’.
Musiqişünas hesab edir ki, Şövkət Ələkbərova muğam ifaçılığından mahnı ifaçılığına böyük bəstəkarlarımızın da yardımı ilə çox mükəmməl keçid edib. Azərbaycanın 20-ci əsr mahnı klassikasının tanınmasında xüsusi rol oynayıb.
‘’Biz Azərbaycan filmlərində də onun mələhətli, könülləri fəth edən səsini eşidirik: ‘’Bəxtiyar’’, ‘’Onu bağışlamaq olarmı?’’ və s. filmlərimiz buna misaldır. Xüsusilə, Ramiz Mirişli və Emin Sabitoğlunun bir çox mahnılarını məhz Şövkət xanım ifa edib. Həmin mahnıların bizim milli səs qavrayışımıza uyğun olması da çoz üzvi xarakter daşıyırdı’’.
Sevinc Yarməmmədova