Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi prosesi necə davam edir? -Deputatdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:33 08.02.2024
"MDB ölkələri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdır və Azərbaycanla Ermənistanın səylərini dəstəkləyir".
Bu sözləri MDB baş katibi Sergey Lebedev jurnalistlərə açıqlaması zamanı bildirib.
Lebedev əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar uğur qazansa, MDB şad olar.
Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi nə vaxt imzalana bilər?
İki ölkə arasındakı münasibətlərdə Qərbin, o cümlədən beynəlxalq təşkilataların rolu nədir?
İnformator.az- a açıqlama edən deputat Azər Badamovun sözlərinə görə, MDB ölkələri üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanılması uzaqda yerləşən digər ölkələrdən daha maraqlıdır.
"Çünki ilk növbədə qeyd etmək istəyirəm ki, biz uzun illər bir ittifaqda birgə yaşadıq, xalqarımız digər ölkələrə nisbətən daha çox inteqrasiya olunub və uzun illər qaynayıb qarışıb. Həm də biz qonşuyuq və heç bir dövlət öz qonşuluğunda müharibələrin baş verməsini istəməz. O cümlədən ölkələrimizi birgə tarix, mədəniyyət və iqtisadi əməkdaşlıq birləşdirir. Bu baxımdan MDB dövlətləri üçün ölkələrimiz arasında sülhün yaranması digərlərdən daha çox maraqlıdır".
Milli Məclisin üzvü qeyd edir ki, Azərbqaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında Qərbin rolu ancaq prosesin ləngiməsinə xidmət edir. Çünki Qərb Ermənistanın əli ilə regionda möhkəmlənməyə çalışır.
"Ona görə də son vaxtlar Qərbin Azərbaycana qarşı ikili standartlardan yanaşmalar və qərəzli münasibətin sərgilənməsi açıq müstəviyə keçib. Azərbaycan öz növbəsində ölkəsinə yönəlmiş çirkin əllərin cavabını yerindəcə verir və özünün dəyişilməz müstəqil mövqeyini dünyaya qəbul etdirir".
Azər Badamov bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı proses davam edir.
"Tərəflər təkliflər paketini baxmaq üçün bir-birinə göndərir, düzəlişlər olunur və ədalətli, məqbul variant üzərində işlənilir. Bununla yanaşı, son sənədin imzalanması üçün Ermənistan yeni konstitusiya qəbul etməli və dövlət rəmzlərində dəyişikliklər etməlidir. Çünki ana qanununda və dövlət rəmzlərində qonşu dövlətlərə qarşı ərazi iddiaları əks olunmaqda davam etdiyi təqdirdə sülh müqaviləsindən danışmaq çətin məsələdir. Bu gün gündəlikdə dayanan aktual məsələ Ermənistanın öz konstitusiyasındakı ərazi iddialarını aradan qaldırılması ilə bağlı olduğunu hesab edirəm. Bu məsələlər həll olunandan sonra yekun sülh müqaviləsi qısa bir zaman kəsiyində imzalana bilər.
Bu baxımdan 2024-cü ilin ölkəmiz və regionumuz üçün çox əhəmiyyətli siyasi proseslərlə zəngin olacağını düşünürəm" .
Nəzrin Mirzəyeva