Futbolda mavi vərəqə tətbiq oluna bilər?-Şərhçidən AÇIQLAMA

Bölmə: İdman › ,
Tarix: 19:30 09.02.2024

Futbolda tezliklə mavi vərəqənin də təqdim edilməsi planlanıb. Vərəqəni alan oyunçu 10 dəqiqəlik meydanı tərk edəcək.

 

Bu barədə futbol şərhçisi Ramiz Mirzəzadə informator.az-a açıqlamasında bildirir ki, mavi vərəqənin tətbiq olunması futbolda bir yenilikdir. 

 

"Ümumiyyətlə futbolda yeni nə tətbiq olunmağa başlayırsa, bu əvvəlcə tənqidlə qarşılanır. Məsələn, VAR tətbiq olunanda da belə idi, "qol layn" texnologiyasında da belə idi. Bəzi dəyişikliklər əsasən klassikaya toxunulmaması baxımından tənqidlə qarşılanır. Amma zamanla görürük ki, məsələn, VAR'ın tətbiqi xeyli müsbət dəyişikliklərə səbəb olub, sonra "qol layn" texnologiyası çox əvəzsiz bir sistemdir".

 

Şərhçi qeyd edir ki, mavi vərəqənin tətbiqi və hakimlərin cibindən daha bir vərəqənin çıxması reallığı var ki, bu, İngiltərə Futbol Assosiasiyası tərəfindən FA kubokunda tətbiq olunacaq. 

 

"Kəskin hücumların qarşısının alınması, kobudluqla, hakim qərarlarına kəskin etiraz əlamətləri olanda hakim mavi vərəqədən istifadə edəcək, mavi vərəqə qırmızı vərəqəni şərtləndirəcək. Təxminən sarı vərəqə kimi qiymətləndirilə bilər, amma təbii ki mavi vərəqənin şiddəti daha çoxdur, cəzası daha böyükdür. Çünki futbolçu 10 dəqiqə meydandan kənarda olacaq. Bu isə 10 dəqiqə 10 nəfərlə mübarizə aparmaq deməkdir ki, bir qədər futbolçuların daha diqqətli oynamalarına və sonuncu təhlükəli hücumlardakı etdikləri qayda pozuntusunu məcburən dayandırmaqlarıma gətirib çıxaracaq. Məsələn, həmin epizodda əgər komandanın fərqlənmə ehtimalı var idisə və hansısa futbolçu o ehtimalı kobudluqla dayandırırsa, ən azından həmin komandanın 10 nəfərlə rəqibi yenidən çətin vəziyyətə salmaq kimi fürsəti ona verilir".

 

Ramiz Mirzəzadə bu sistemi ədaləti bərqərar edən bir sistem kimi qiymətləndirir.

 

"Hər halda biz bunu yalnız praktikada izləyəndən sonra nə qədər müsbət və mənfi dəyişikliklərə gətirib çıxaracağını deyə biləcəyik". 

 

Şərhçi sonda vurğulayır ki, hazırda, mavi vərəqənin tətbiqinin planlaşdırılmasını əksər mütəxəssislər və futbol izləyiciləri o qədər də isti qarşılamırlar.

 

Aynur Babayeva