Orqanik yağlardan istifadə qaydaları-Mütəxəssis detalları AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 16:23 10.02.2024

"Orqanik yağlar və trans yağlar mövcuddur. Orqanik yağlar insan orqanizmində mənimsənilən yağlardır. İnsan orqanizmində əvəz olunmaz yağ turşularını özündə ehtiva edir. Orqanik yağlara quyruq yağı, kərə yağı və bitki yağlarının içində də zeytun yağı aid edilir".

 

Bu sözləri informator.az-a açıqlamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov söyləyib. Mütəxəssis bildirir ki, orqanik yağlar yandırmadıqda sağlam sayılır.

 

"Misal üçün quyruq yağından toyuq, balıq və ət də bişirmək olar, amma yaxşı olar ki, quyruq yağı sacda, tava yeməklərində, qırmızı ət məhsullarında və yaxud iç-çalat qovurmasında istifadə edilsin. Quyruq yağında həm D vitamini, həm olein yağ turşusu, həmçinin əvəzolunmaz yağ turşuları və s.var. Deməli, bu yağ sıradan bir yağ deyil. Quyruq yağı bəzi yağlardan fərqli olaraq, ürək tıxanıqlığı da əmələ gətirmir, çünki qanda triqliseridə çevrilmir".

 

Ağa Salamov qeyd edir ki, kərə və nehrə yağları insan orqanizmi üçün çox faydalıdır.

 

Müsahib yağların saxlanma şəraiti barədə məlumat verib.

 

"Ya dondurucuda olmalıdır, ya da normal soyuducuda saxlayacağıqsa, sənaye üsullu ilə hazırlanmış yağdan ömrü az olacaq və yararsız vəziyyətə düşəcək. Bu yağların da tərkibində əvəzolunmaz yağ turşuları var. Bu yağlarla da toyuq, ət, balıq məhsullarını bişirmək olar, həmçinin, səhər yeməyində də istifadə etmək orqanizm üçün faydalıdır".

 

Mütəxəssis eyni zamanda qeyd edir ki, zeytun yağının tərkibində omeqa-3 yağ turşusu çoxdur.

 

"Cild baxımında, mədə-bağırsaq florasanın yaxşılaşmasında və beta karotenin A-ya çevrilməsində böyük rol oynayır. Məsələn, kök yeyirsinizsə, yanında mütləq zeytun yağı olmalıdır, balqabağın üzərinə zeytun yağı damızdırılmalıdır ki, beta karoten A-ya çevrilsin, immun sistemi güclənsin, uşaalarda boy artımına səbəb olsun və s. Zeytun yağının insanın orqanizmi üçün çox faydaları var, həm cildə,həm saçlara, həm gözlərə, həm də ürəyə faydası var. Bu yağı salatlarda istifadə etmək daha məqsədə uyğundur. Tərəvəzlərin bişirilməsində də zeytun yağı daha məsləhətlidir, çünki bu yağ 250 dərəcəyə çatdıqda trans yağa çevrilmir, amma karbohidratı qızardaraq akrilamidə (xərçəng hüceyrəsinə)çevrilir. Bu bütün yağlara aiddir".

 

Ağa Salamov sonda bildirir ki, ümumiyyətlə, yağların çöküntü yaratmaması üçün, günəş şüalarından mühafizə olunması üçün bütün yağları tünd şüşələrdə qablaşdırmaq lazımdır.

 

İlhamə Nurəhmədova