“Nvidia”dan milyardlarla dollarlıq yatırım
Bölmə: Araşdırma › ,Tarix: 12:48 12.02.2024
“Nvidia” şirkəti istər şirkətdaxili, istərsə də xaricyönümlü sahələrdə ciddi yatırımlara imza atır. Təbii ki, iriçaplı investisiyalar özlüyündə müəyyən risklər ehtiva etsə də, şirkət bunların öhdəsindən uğurla gəlir. Bununla belə, ümumi təyinatlı komponentlər artan rəqabətlə üzləşir. Bundan çıxış edərək “Nvidia” xüsusi çip texnologiyaları üçün yeni bir vahid yaratmaqdan ötrü 30 milyard dollarlıq nəhəng bir təşəbbüsə başlayıb.
“Nvidia”nın yeni çip bölməsi bir çox sektora, xüsusən də süni intellektə təsirsiz ötüşməyəcək. Buna görə də şirkət “Microsoft”, “Meta”, “Google” və “OpenAI” ilə danışıqlara başlayıb. Süni intellektdən əlavə yeni bölmə fərdi telekommunikasiya, “cloud” texnologiyalı avtomobil və oyun avadanlıqlarını da tərtib edə bilər. Məsələn, rəqib “AMD”nin biznesinin əksəriyyəti “Xbox” və “PlayStation” oyun konsolları üçün xüsusi prosessorların ixracından ibarətdir. “Nvidia”nın xüsusi texnikalara bahalı təkan verməsi ehtimal ki, şirkətin mənfəətini artıran məhsuldar “AI” (süni intellekt) arenasında güclənən rəqabətə cavabdır.
Generativ süni intellekt “çılğınlığının” lap başlanğıcından bəri “Nvidia H100” məlumat mərkəzi GPU’larını (video kart) 1000 faiz mənfəətlə sataraq, səhm qiymətini və bazar dəyərini əhəmiyyətli dərəcədə artırıb. Şirkət öz xərclərini açıqlamaqdan qaçınsa da, hesablamalar göstərir ki, “H100” istehsalı bir neçə min dollara başa gəlir və 25.000-60.000 dollar arasında satılır.
Əli Məmmədli