Ölkənin iqtisadiyyatı və təhsil sahəsi yeni pandemiyaya hazırdırmı?-AÇIQLAMA
Bölmə: Sosial › , İqtisadiyyat › ,Tarix: 21:18 13.02.2024
Məlumdur ki, 2020- ci ildə yayılmağa başlayan COVID-19 pandemiyası ilə bağlı digər ölkələrdə olduğu kimi ölkəmizdə də müəyyən məhdudiyyətlər qoyuldu, karantin rejimi tətbiq edildi.
Vətəndaşların iş yerləri ilə bağlı müəyyən qapanmalar oldu, məktəblər distant təhsil formasına keçdi, ölkəmizin quru sərhədləri isə hələ də bağlıdır.
Son günlər isə Ümumdünya Səhiyyət Təşkilatı dünyaya yeni pandemiya ilə bağlı xəbərdarlıq edir.
Burada maraqlı məqam budur ki, ölkəmizin iqtisadiyyatı və təhsil sahəsi yeni pandemiyaya nə dərəcədə hazırdır?
İnformator.az məsələ ilə bağlı araşdırma edib:
Saytımıza açıqlama edən iqtisadçı ekspert Xalid Kərimli vurğulayır ki, bu məsələni tam aydınlaşdırmaq üçün ehtimal olunan pandemiyanın qlobal miqyaslı olub- olmayacağını, hansı dərəcədə olacağını, dünya ölkələrinin eyni reaksiyanı göstərib-göstərməyəcəyini, məhdudlaşmaları, karantinin strukturunu bilmək lazımdır.
"Pandemiya bütün dünyada bitsə də, Azərbaycan hələ də quru sərhədlərini açmayıb, ümumilikdə isə Azərbaycanın həm ərzaq, həm də valyuta baxımından kifayət qədər ehtiyatı var, iqtisadiyyatımız belə böhranlara nisbətən dayanıqlıdır, ancaq heç nə uzun müddətli deyil. Yəni ərzaq ehtiyatımız da müxtəlif dövrlər üçündür".
Təhsil Eksperti Elçin Murad isə pandemiya zamanı təhsil sistemimizlə bağlı atılan addımlar, pandemiyanın təhsilimizə təsiri barədə danışıb.
Ekspert təəsüflə qeyd edir ki, pandemiya zamanı dünyada əgər yeni bir virus dalğası başlayarsa və yenidən distant təhsilə keçilərsə, ölkəmizdə təhsil sistemi buna korona virus zamanında olduğu kimi hələ də hazır deyil.
"Biz distant təhsil deyəndə səbəb nədir, bilmirəm sadəcə Bakı və digər böyük şəhərləri nəzərdə tuturuq. Bunun rayonu var, kəndi var, ucqar dağlıq əraziləri var ki, orda internet şəbəkəsi lazımınca və ya ümumiyyətlə təmin olunmayıb. Bu gün hər valideynin gücü, imkanı evinə internet çəkdirməyə və ya övladına smartfon telefon alıb verməyə, internetlə təmin etməyə çatmır ki, övladı distant təhsilə yönələ bilsin. Belə olan halda da valideyn üçün övladının təhsili maraqlı olmur və bir gəncin təhsil həyatı orada yekunlaşır. Biz ötən illərdə acı təcrübədən də gördük ki, istər universitetə sənəd vermək istəyən abituriyentlər, istərsə də universitetlərdə təhsil alan tələbələr distant təhsildə müəyyən problem yaşadıqları üçün həm imtahanlarda lazımınca uğurlu nəticə qazanmadılar, həm də universitetlərdə müəllimlər mövcud vəziyyəti nəzərə almadan tələbəni incitdi".
Ekspert deyir ki, bu gün orta məktəblərin hər birində distant təhsil keçidlə bağlı lazımi avadanlıqlar quraşdırılmayıb.
"Sadəcə bir qrup məktəbdə nümunə üçün olmağı kifayət etmir. Fikrimcə, bizim sistemdə ən yaxşısı birbaşa təhsildir. O zaman şagird və ya abituriyent müəyyən bir bilik əldə bilir".
Nəzrin Mirzəyeva