Məktəbli yoldaşını bullinqə məruz qoyan qızı nə gözləyir? -AÇIQLAMA
Bölmə: Hadisə › ,Tarix: 22:25 20.02.2024
156 nömrəli məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Zərər çəkənin valideyinləri hüquq-mühafizə orqanlarına müraciət edib, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb.
Məsələ ilə bağlı informator.az-a hüquqşünas Esmira Rzayeva açıqlamasında bildirib ki, cinayət məsuliyyətinə cəlb olunmaq üçün iki şərt olmalıdır; Şəxs əməli törədərkən anlaqlı və məcəllədə göstərilən yaş həddində, yəni 16 yaşında olmalıdır:
"Bu hadisəni törədən qızında 16 yaşı artıq tamam olub. Eyni zamanda məsələ ilə bağlı Cinayət Məcəlləsinin "Təhqir" maddəsi və "Xuliqanlıq" maddəsinə istinad etmək olar.
Onuda qeyd edim ki, tərəflər arasında barışıq ola bilər. Əgər barışıq olarsa, iş yüngülləşdirilə bilər. Amma işin daha dəqiq araşdırılması və yekun qərarın verilməsi məhkəmənin səlahiyyətindədir".
Hüquqşünas sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrindən söz açıb:
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatma- 1000 manatdan 1500 manatadək miqdarda cərimə olunur. Digər halda 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlərdir. Bu zaman 1000 manatdan 3000 manatadək miqdarda cərimə olunur. Yaxud bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Vüqar Alışov