Tarixdə bu gün-Nuru paşanın anım günü
Bölmə: Araşdırma › ,Tarix: 14:25 02.03.2024
Tarixdə bu gün-Nuru paşanın anım günü
Bu gün Osmanlı ordusunun generalı, Qafqaz İslam ordusunun komandanı, Sovet rejiminə qarşı başlayan Qarabağ üsyanın rəhbərlərindən biri, Bakı fatehi-Nuru paşanın anım günüdür.
Nuru paşa 1889-cu ildə İstanbulda anadan olub. İstanbulda böyüyən Nuru ilk hərbi təhsilini aldıqdan sonra əmisi Xəlil paşa və qardaşı Ənvər paşanın yolunu davam etdirərək 1906-cı ildə Quru qoşunları məktəbinə daxil olur. 1911-ci ildə hərbi təhsilini başa vurduqdan sonra sürətlə yüksələn Nuru 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə, Azərbaycana gəlməsi ərəfəsində yarbay rütbəsi alır.
Nuru paşa daim cəsur və məsuliyyətli döyüşçü olub. Birinci Dünya müharibəsi ərəfəsində Nuru paşanın qardaşı Ənvər paşa Türkiyənin hərbi naziri idi. Libyanın İtaliya işğalına məruz qalması ilə Trablusqərb cəbhəsində ağır döyüşlərə qatılan Nuru elə bu döyüşlərdə də Qafqaz İslam Ordusuna uğurlu komandanlıq üçün dəyərli hərbi təcrübələr əldə edir. Bu cəbhədə göstərdiyi igidliklərə görə, Nuru paşa minbaşı rütbəsinə, 1916-cı ildə "Altun ləyaqət" medalına, habelə Almaniyanın "Dəmir xaç" medalına, 1917-ci ildə isə "Altun imtiyaz" medalına, habelə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görülür.
1918-ci ildə min müşkülatla da olsa Azərbaycan türkləri öz istiqlalını qazanmağı bacarır. Bundan narahat olan ruslar erməniləri silahlandıraraq Azərbaycan türklərinin vəhşicə qətl edilməsi üçün böyük kompaniya başladır. Cənubi Qafqaz xalqları qan içində boğulurdu. Şərqdə Azərbaycan türklərinin vəhşicə qətl edilməsi Osmanlı hərbi naziri Ənvər paşanı çox narahat edirdi. Bu səbəbdən onun əmri ilə Azərbaycan türklərinə yardım üçün Qafqaz İslam ordusu quruldu və Nuru paşa Qafqaz İslam ordusuna komandan təyin olundu. Azərbaycan Xalq Cümhuriyyətinə yardıma gələn Nuru paşa böyük təmtəraqla qarşılandı. Yerli əhalidən yığılan könüllülərlə birlikdə Qafqaz İslam ordusunun sayı 14 minə yaxınlaşdı. Bu ordularla Nuru paşa Göyçayı, Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını düşmən işğalından azad etdi. Çoxsaylı itkilərə baxmayaraq 15 sentyabrda Bakıda işğaldan azad edildi.
Bu parlaq qələbə münasibətilə Osmanlı-Azərbaycan hərbi hissələrinin paradı keçirilir. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirlər.
Əfsus ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağda sovet işğalına qarşı üsyan başlayır. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs edirlər. Nuru paşa Qarabağın hakimi elan edilir. Lakin təpədən dırnağa qədər silahlanan bolşeviklər Qarabağ üsyanını yatırır. Bu hadisələrdən sonra Nuru paşa Türkiyəyə gedərək Mustafa Kamal paşanın ordularına qatılır. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra orada yaşayan Nuru paşa 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olur.
Nuru paşa Azərbaycan xalqı tərəfindən çox sevilən bir şəxsiyyətdir. Onun və silahdaşlarının fədakarlıqları sayəsində Azərbaycan Xalq Cümhuriyyəti öz ərazilərini düşmən tapdağından azad edə bilib. Azərbaycan xalqı bu böyük şəxsiyyəti heç vaxt unutmayacaq.
Yusif Mamedov