Əkiz insanların genləri tamamilə eynidirmi?
Bölmə: Araşdırma › ,Tarix: 22:55 12.03.2024
İslandiyalı tədqiqatçılar tərəfindən aparılan araşdırma əkiz insanların gen ardıcıllığının eyni olmadığını ortaya çıxarıb.
Əkizlərin DNT-sinin tamamilə eyni olduğu düşünülür. Buna görə də, ekoloji faktorların sağlamlığa, şəxsiyyətə və üstünlüklərə necə təsir etdiyinə dair araşdırmalar eyni əkizlərlə aparılır. Bununla belə, İslandiyalı tədqiqatçılar tərəfindən aparılan və Nature Genetics jurnalında dərc edilən bir araşdırma, əkizlərin gen ardıcıllığında orta hesabla 5,2% fərq olduğunu ortaya qoyub.
Tədqiqat çərçivəsində 381 eyni əkizin bütün genetik materialı, yəni genomu təhlil edilib. Genom strukturu təhlil edilən əkizlərdən yalnız 38-nin genomlarının tamamilə eyni olduğu, qalanlarında isə müxtəlif fərqliliklər aşkar edilib. Tədqiqatçılar bu vəziyyətin embrionların əkizlər əmələ gətirmək üçün ayrılması zamanı və ya qısa müddət sonra meydana gələn və ömür boyu davam edən mutasiyaların səbəb olduğunu düşünürlər.
Tədqiqat, həmçinin əkizlərdə baş verən mutasiyaların gələcək nəslə ötürülüb-ötürülmədiyini də araşdırıb. Bu məqsədlə əkizlərdən birində olan, digərində olmayan mutasiyaların və həyat yoldaşının uşaqlarında olub-olmadığı yoxlanılıb. Burada 246 iştirakçıdan 36-nın mutasiyaya uğramış genləri uşaqlarına köçürdüyü müəyyən edilib.
Əkizlərdəki fərqlər adətən ətraf mühit faktorları ilə izah olunur. Bundan əlavə, əkizlərdən birinə xas olan mutasiyalar əhəmiyyətsiz sayılır. Bununla belə, reproduktiv hüceyrələrdə və ya embrionun inkişafının ilkin mərhələlərində baş verən mutasiyaların autizm və digər inkişaf pozğunluqlarında rol oynadığı məlumdur. Buna görə də, tədqiqatçılar iddia edirlər ki, genetik yolla ötürülən xəstəliklərin modelləşdirilməsi zamanı bu erkən mutasiyaların təsiri nəzərə alınmalıdır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova