Üzeyir Hacıbəyov - Hürriyyəti-mətbuat (Azad mətbuat)
Bölmə: Araşdırma › ,Tarix: 20:12 11.04.2024
Məlumdur ki, Rusiyada sair (digər) tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuat iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur. Və sairələr (digərləri) yalnız bir hökumətin yaxasından tutub hürriyyəti-mətbuat (azad mətbuat) tələb etdiyi zaman, biz gərək bir əlimizlə hökumətin və o biri əlimizlə də camaatın yaxasından yapışıb azadi-kəlam (azad söz) istəyək.
Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir?
Bu məsələni anlamaq üçün biz əvvəlcə bunu bilməliyik ki, görək hürriyyəti-kəlamın xalq üçün mənfəəti nədir?
Hürriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümum xalq üçün nəfi (faydası) bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla (düçar) olduğu dərdi şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür. Məsələn, fərz edəlim ki, hökumət tərəfindən vəz olunmuş (qəbul edilmiş) bir nizam və ya qanun bir vaxt ümum əhalinin rifah və asayişlə məişət sürməyinə (yaşamağına) mane olur. Bu məmaniətə (əngələ) qarşı ümumi və qəti bir etiraz edib, rəfini (qaldırılmasını) tələb etmək üçün, ancaq mətbuatı şafı (təmiz) bir vasitə ilə ittixaz etmək (aradan qaldırmaq) mümkündür. Və yaxud, tutalım ki, bir məmur öz zülmü ilə camaatı cana gətirməyə başlayıbdır. Bu məmurun rəftari-zülmkaranəsini (zülmkar rəftarını) yerinə yetirib, camaatın xilasına çalışmaq dəxi yalnız bir mətbuat vasitəsilə ola bilər.
Bəs bunun üçündür ki, mətbuat dəxi bu vasitəlik vəzifəsini layiqincə yerinə yetirmək üçün mütləq hürr və azad olmalıdır.
Vaxti ki, senzur idarələri bu cür fəqərələrin (hadisələrin) mətbuata səbt olunmasını qoymur, onda məlum olur ki, haman senzuru təyin etmiş hökumət öz əhalisinin yaxşı və yaman gün keçirməsinə heç bir zaman əhəmiyyət verməyib, ümum əhali mənafeyini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin qeydinə qalmayıb, ancaq hökm sürmək, hökmfərma olmaq və bilaxirə, əhalinin boynuna minmək arzusunda bulunur.
Bizim camaatın dəxi hürriyyəti-mətbuata düşmən olan üzvləri yenə də fəna fikirdə olub, öz şəxsi mənfəətlərini ümum camaat mənafeyindən artıq bilirlər və ikincisini birincisinə fəda etməyə çalışırlar.
Lakin bainhəmə (bununla belə), hürriyyəti-mətbuata düşmən olmayanlar dəxi bu sözlərin mənayi-həqiqəsini (həqiqi mənasını anlamayıb, azadi-kəlamı və hürriyyəti- mətbuatı öz şəxsi və camaat mənafeyinə heç bir dəxli olmayan işləri üçün bir alət bilib, onunla sui-istifadəyə çalışırlar və bir çox vaxt qəzetçilərin hürriyyətpərvərliyi ilə nəfbərdar (faydalanan) olub onları zəlalətə (zillətə) salmaq üçün öz şəxsi işlərini ümumi bir rəngə boyayıb, mətbuat vasitəsilə camaat mühakiməsinə vagüzar (həvalə) edirlər. Lakin bu gunə (cür) həriflər əksər ovqat (vaxt) bir şey qazana bilməyib, bəzi vaxt özlərini dəxi el mühakiməsi qabağında fəna və tənbihə layiq bir surətdə göstərirlər.
Mətbuatın vəzifeyi-müqəddəsəsinə (müqəddəs vəzifəsinə) ehtiram və əhəmiyyət nəzərilə baxanlar hürriyyəti-mətbuat və azadiyi-kəlamın mənayi- həqiqisinə layiqincə vaqif olub, qəzet sütunlarını öz şəxsi mənfəətinə alət etmək təşəbbüsündən hər vaxt intixab (ayırd) etməlidirlər.
" İrşad", 1 aprel 1907
Yusif Mamedov