Tarixdə bu gün-Əlimərdan bəy Topçubaşovun doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 19:52 04.05.2024
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim, dahi jurnalist-Əlimərdan bəy Topçubaşovun doğum günüdür.
Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflisdə anadan olub. O, ilk təhsilini müsəlman mədrəsəsində aldıqdan sonra Tiflis birinci klassik gimnaziyasında təhsilini davam etdirib. 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olsa da, bir müddət sonra hüquq fakültəsinə keçir. Tələbəlik vaxtı gizli tələbə təşkilatlardakı iştirakına görə universitetdən xaric edilən Əlimərdan bəy professorların müdaxiləsi ilə ali məktəbə bərpa olunur. Təhsilini tamamladıqdan sonra bir sıra məsul vəzifələrdə çalışan Topçubaşov 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurub.
1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilən Əlimərdan bəy Topçubaşov oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlayır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilir və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilir. O, Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olub.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edən Əlimərdan bəy Fətəli xan Xoyskinin 1918-ci ilin iyun ayında təşkil еtdiyi II kabinədə portfеlsiz nazir, oktyabr ayında isə Xarici İşlər naziri vəzifəsinə təyin еdilir. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə İstanbula göndərilən Topçubaşov bu məqsədlə çoxsaylı görüşlər keçirir, hətta İstanbulda Azərbaycan mətbuat bürosu da yaradır. İstanbulda işlərini bitirdikdən sonra birbaşa Paris Sülh Konfransına Azərbaycanın nümayəndə heyyətinin başçısı kimi göndərilib. 1919-cu ilin 28 mayında ABŞ Prezidenti Vudro Vilson başda Topçubaşov olmaqla Azərbaycan nümayəndə heyyətini qəbul edib.
Başda Əlimərdan bəy Topçubaşov olmaqla Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində 1920-ci ilin yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən Azərbaycan dе-fakto tanınır. Lakin əfsus ki, bu xoşbəxtlik çoxda uzun çəkmir. Sovet Rusiyası elə həmin ilin aprel ayında Azərbaycanı işğal edir. Azərbaycanın işğalından sonra belə öz mübarizəsindən dönməyən Əlimərdan bəy Topçubaşov Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalını dünyaya tanıtmağa çalışıb.
Mühacirət illərində maddi çətinliklər çəkən, vətən həsrəti ilə yanıb tutuşsa da, ora bir daha qayıda bilməyən bu böyük şəxsiyyət 8 noyabr 1934-cu ildə Parisdə vəfat edib.
Yusif Məmmədxanlı