"Qiyabi təhsil keyfiyyətcə zəifdir"-ekspertdən rəy

Bölmə: Sosial › ,
Tarix: 15:32 06.05.2024

Azərbaycan təhsil müəssisələrində əyani təhsil növünü seçən abituriyentlərlə yanaşı qiyabi təhsil növünü seçən abituriyentlərin sayı da az deyil. Ali təhsil mütəxəssisi hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ali təhsil almaq imkanı verən qiyabi təhsildə tələbələrin müstəqil işi əsas təlim formasıdır. Əyani təhsildən fərqli olaraq qiyabi təhsilin tədris müddəti 5 ildir.

 

Bəs bu gün qiyabi təhsil nə dərəcədə effektivdir ?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ölkəmizdə əyani və qiyabi olmaqla təhsilin iki forması işləkdir:

 


"Müqayisədə təhsilin əyani formasına daha çox yer verilir. Müəllimlik, tibb və bu kimi bir sıra ixtisaslarda qiyabi təhsil mövcud deyil. Həmçinin bu, universitetlərə görə də dəyişir. Hansısa bir ixtisasın A universitetində qiyabi forması olmadığı halda, digər universitetdə ola bilir. Əyani təhsildən fərqli olaraq qiyabi təhsilin tədris müddəti 5 ildir. Tədris ilinin uzadılması dərs yükünün eyniləşdirilməsinə görədir. Qiyabi təhsildə hər tədris müddəti bir aya yaxındır. Qış və yaz sessiyası olaraq ildə 2 dəfə imtahan verilir. İmtahanlar əsasən yazılı və test şəkilində olur. Təcrübə müddəti isə əsasən son kursda olur. Dünyanın bütün ölkələrində təhsilin əyani forması ilə bərabər qiyabi formasından da geniş istifadə olunur. Qiyabi təhsil prosesində təhsilalanlara tədris semestri ərzində mühazirə və seminarlar qısaldılmış proqram əsasında tədris edilir və onlar imtahanlara müstəqil hazırlaşırlar.


Ekspert əlavə edib ki, 9 illik bazadan kolleclərdə qiyabi təhsil ümumiyyətlə yoxdur:

 

"Başqa sözlə, Azərbaycan universitetləri kifayət sayda qiyabi tələbə qəbul edir. Bu daha çox ona əsaslanır ki, şəxs istehsalatdan ayrılmadan ali təhsil alsın. Bu, bir sıra məsələlərlə yanaşı keyfiyyətli təhsil məsələsini də ortaya qoyur. Məsələ orasındadır ki, qiyabi təhsil alanların çoxu, hətta demək olar ki, hamısı ya işləmir, ya da öz sahəsi üzrə işləmir. Qiyabi təhsil alan tələbələrin imtahanı əyani tələbələrdəki kimi çətin şərtlər altında olmur. Faktiki olaraq, Azərbaycan daxilində qiyabi təhsilli kadr ixtisası üzrə yüksək bilik potensialı əldə edə bilmir. Söz yox, qiyabi təhsil formasının yığışılmasını iddia edə bilmərik. Dünyanın indiki dəyişən şəraitində bu haqda danışmaq absurd və yersizdir. Lakin keyfiyyət amilinin üzərində möhkəm dayan bilərik. Qiyabi təhsil alan tələbə praktikasını son kursda keçir, o da çox vaxt formal, sənəd üzərində. Şəxs birinci kursda öyrəndiyi nəzəriyyənin praktikasını niyə 5-ci kursda keçməlidir? Faktiki qiyabi təhsil keyfiyyətcə zəifdir. Mütləq şəkildə bu istiqamətdə ümidverici addımlar atılmalıdır".


Vüqar Alışov