Jurnalistikanın Məzahir Süleymanzadə "SƏHƏRİ"...

Bölmə: MEDİA › ,
Tarix: 19:22 10.05.2024

Publisistika ədəbiyyatla jurnalistikanın tam mərkəzində dayanır. Məzahir Süleymanzadə publisistikası "Səhər" qəzeti ilə 20 Yanvar faciəsinin tən ortasında dayandı: həqiqəti dünyaya hayqırmaq üçün. Həqiqətən də "Səhər", "...əzilən bir sinfin hayqıran; haqq bağıran sədasından yarandı" (M.Müşfiq). O zamanlar Məzahir Süleymanzadə yazırdı: "Qanlı yanvardan dərhal sonra 'Səhər' qəzeti iki milyon (!) tirajla çıxdı və pulsuz paylanıldı". Maraqlı məqama diqqət çəkmək istəyirəm. Şəkildə – arxivimdə saxladığım qəzetlərin tən ortasında "Səhər" qəzetinin iki nüsxəsidir. 1998-ci ilin 18 mart və 28 may buraxılışı. 28 may günü qəzet yarı qiymətlə satışa çıxır (yəni, o zamanın qiyməti ilə 1000 manat deyil, 500 manata). 

 

F.Sadıqlı dediyi kimi, "'Səhər' 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən möhtəşəm söz abidəsidir". Qəzetin söz abidəsi olduğu zaman jurnalist R.Rüstəmov "Səhər əllərdə gəzirdi" adlı məqalə ilə çıxış etdi. Başlıq milli sözə ehtiyacdan, inamdan doğdu. Fikirlərə əlavə edərək deyərdim: "'Səhər' həm də qəlblərdə gəzəcək, könüllərdə yaşayacaq, təsisçisi və baş redaktoru Məzahir Süleymanzadə ilə birlikdə... Çünki Məzahir müəllim "Səhər"lə xalqın Vətəndaşlıq mövqeyini ortaya qoymuşdu, azərbaycanlı - türk olmağımızdan doğan qüdrətimizi dünyaya göstərmişdi, xalqımızın başına gələn fəlakətin miqyasını dərk etməyimiz üçün gecə-gündüz çalışmışdı. Belə "Səhər"lər heç vaxt gecəyə təslim olmur. Hər zaman günəşlidir, nurludur. Yuxarıda qeyd etdiyimiz kimi, "Səhər" haqqın səsini günəş zərrələrində dünyaya çatdırdı: düşmən qaranlığına günəş odu səpdi. Bu mənada Məzahir müəllim Süleymanzadə xatirələrdə əbədiyaşardı.

 

 

Əsgər İsmayılov,

BDU Jurnalistika fakültəsinin tələbəsi