Tarixdə bu gün-Salman Mümtazın doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 23:47 20.05.2024
Bu gün Azərbaycan klassik ədəbiyyatı əsərləri nümunələrinin naşiri, şair və ədəbiyyatşünas, məşhur publisist Salman Mümtazın anadan olmasından 140 il keçir.
Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub. İmkanlı ailədə böyüyən Salman uşaq yaşlarından elmə maraqlı olub. O, gənc yaşlarında ərəb, fars, urdu dillərini öyrənir. Cəmi 3 ay molla yanında təhsil almasına baxmayaraq o öz üzərində ciddi işləməyə başlayır və Şərq ədəbiyyatını dərindən öyrənir.
Molla Nəsrəddin jurnalı fəaliyyətə başlayanda Salman Mümtaz da Molla Nəsrəddin jurnalında satirik şeirlər və məqalələr yazır. O həmçinin bu illərdə Tiflisdə ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Cəlil Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap etdirir. Mirzə Ələkbər Sabiri çox sevən Salman onun ölümündən sonra “Hophopnamə”nin nəşr etdirilməsində Abbas Səhhətə yardım edir. Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya gəlir və “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyətə başlayır.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanın müstəqilliyinin milli xəzinə olduğunu anlayan Salman Mümtaz, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və Osmanlı dövlətinin hərbi naziri, siyasi xadim Ənvər paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru paşa ilə görüşərək ona həsr etdiyi “Öyün millət!” qəzəlini söyləyir. Ənvər paşaya isə “Ənvəriyyə” müxəmməsini həsr edir. Salman Mümtaz tədqiqata çox üstünlük verirdi. O, bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, müəyyənləşdirilməsinə, nəşrinə və yayılmasına yönəldirdi.
Salman Mümtaz ümumilikdə '“Molla Nəsrəddin” jurnalı, “Azərbaycan” və “Kommunist” qəzetlərinə əlavə olaraq çap edilən “Zənbur”, “Hacı Leylək”, “Tutu”, “Şeypur”; “Füqəra Füzuyatı”, “Qurtuluş”, “Qardaş köməyi”, “Maarif və mədəniyyət”, “Qızıl Şərq”, “Şərq qadını” jurnalları ilə, həmçinin “Səda”, “Günəş”, “İnqilab”, “Açıq söz”, “Kommunist”, “Tərəqqi”, “Yeni iqbal”, “İqbal”, “Ədəbiyyat qəzetəsi” qəzetləri ilə əməkdaşlıq edib və həmin qəzet və jurnallarda Salman Mümtaz “Aşqabadlı”, “Vasvası”, “Eşşəkarısı”, “Mömin çinovnik”, “Mümtaz” (ərəb dilindən tərcümədə bu söz “seçilmiş”, “başqalarından seçilən” mənasını verir), “Sağsağan”, “Sərçə”, “Sərçəqulu”, “S.M.”, “S.Əsgərov”, “Türkməndost”, “Xortdanqulu bəy”, “Xortdanbəyzadə”, “Çalağan” və başqa imzalar altında satirik və lirik şeirlər, məqalə və felyetonlar, nəsr əsərləri yazıb.
Sovet hakimiyyəti Salman Mümtazın bu uğurlu fəaliyyətindən narahat olur və onu təqiblərə başlayır. 1937-ci ildə Salman Azərbaycan Yazıçılar Birliyindən azad edildi. Həmin ilin 10 – 12 iyun tarixlərində o, “xalq düşməni” adlandırıldı. İyun ayının 19-da isə ona “burjua milliyətçisi” və “pantürkist” damğası vuraraq tutduğu vəzifələrdən də azad etdilər. Uzun müddət işgəncələrə məruz qaldıqdan sonra Salman Mümtaz 1941-ci il 6 sentyabrda güllələnərək öldürülür.
Salman Mümtaz həyatı boyu Azərbaycan ədəbiyyatına xidmət edir. Onun vətəni və milləti üçün gördüyü işlər misilsizdir. Azərbaycan xalqı bu böyük şəxsiyyəti heç vaxt unutmayacaqdır.
Yusif Məmmədxanlı