Ermənistanın ərazilərində, həmçinin Azərbaycanın işğal olunan ərazilərindəki kütləvi məzarlıqlar açılmalıdır
Ermənistanın, o cümlədən Azərbaycanın işğal olunan ərazilərindəki kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. XİN-dən İnformator.az saytına verilən məlumata görə, Azərbaycan tərəfi Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, bu əməlləri törədən Ermənistanın məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən ağrılı fəsadlarından biri də 4000 nəfərdən artıq azərbaycanlının itkin düşməsidir. Məlumatlara əsasən, işğal olunmuş ərazilər və Ermənistan ərazisində əsir və girov götürülmüş azərbaycanlıların kütləvi qətli həyata keçirilmiş və onlar kütləvi məzarlıqlarda basdırılıblar. Beynəlxalq praktikada, xüsusilə də Balkanlarda bu kimi kütləvi məzarlıqların açılması və insan qalıqları əsasında DNT məlumat bazasının yaradılması kimi təcrübə vardır. Sonradan bu DNT məlumatı itkin düşmüş şəxslərin ailə üzvlərinin DNT məlumatı ilə uyğunlaşdırılaraq onların kimliyi müəyyən edilir. Nəticə etibarilə, eyni praktikanın tətbiq edilməsi ilə azərbaycanlı itkin düşmüş şəxslərin də bir qisminin talelərinə aydınlıq gətirilə və 20 ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat verilə bilər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətin nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan faktlar araşdırılmır və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır. Sırf humanist xarakter daşıyan bu məsələ ATƏT Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də dəstəklənir.
Şahidlərin ifadələri və əməliyyat-istintaq materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülən azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda basdırıldıqları faktlar sənədləşdirilib. Müasir beynəlxalq hüquqda insanlıq əleyhinə cinayət əməllərinin müqabilində dövlətlərlə bərabər fərdlərin də hüquqi məsuliyyəti aydın şəkildə müəyyən edilmişdir.
Azərbaycanın beynəlxalq aləmdə qaldırdığı bu faktlara əsasən, bu kimi insanlıq əleyhinə cinayət əməllərini həyata keçirmiş və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli şəxslərinin və dövlət olaraq, Ermənistanın özünün məsuliyyəti vardır. Və bu şəxslər Ermənistanın siyasi, hərbi idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar. Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları və işgəncələr əleyhinə və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiyalar və digər beynəlxalq sənədlərlə bağlı öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi Ermənistanın məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir.
