00:00:00
Yazar
Admin User
24.01.2026 10:07 161 3 dəq oxuma
Media

“Mediada Azərbaycan dili” mövzusundakı təlimdə BDU-nun kafedra müdiri,dosenti Xatirə Hüseynova mediadakı tipik səhvlərdən danışdı

“Mediada Azərbaycan dili” mövzusundakı təlimdə BDU-nun kafedra müdiri,dosenti Xatirə Hüseynova mediadakı tipik səhvlərdən danışdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi.

 

 

“İnformator.az” xəbər verir ki,təlimdə müxtəlif media qurumlarını təmsil edən jurnalist və mütəxəssislər iştirak etdilər.

 

 

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər-savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxış etdi.  Televiziya,radio və ictimai çıxışlarda mövcud nitq səhvləri ətrafında geniş müzakirələr aparıldı.Xatirə Hüseynova danışığına Nəsir Əhmədlinin “Nitq fikirlə həmin fikri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak obyektidir" fikri ilə başladı.Təlimdə şifahi nitqin düzgünlüyünü və media dilinin məsuliyyətini ön plana çəkdi. O, həmçinin nitq və dil anlayışları arasındakı fərqləri izah edərək, düzgün nitqin xüsusiyyətləri və onun gözəlləşdirilməsi üsullarından danışdı. Çıxış zamanı düzgün nəfəsalma və nəfəsvermənin vacibliyi xüsusi vurğulandı.Doğru nəfəsin diafraqma tipli nəfəs olduğu qeyd edildi. Dosent Xatirə Hüseynova dialektlərin tələffüzdə istifadəsinin, xüsusilə, televiziya jurnalistikasında yolverilməz olduğunu bildirdi.O qeyd etdi ki, müsahiblərin danışığında dialekt elementləri müəyyən hallarda nitqə kolorit qata bilər, lakin müxbir,aparıcı və jurnalistlərin dilində dialektlərin istifadəsi yolverilməzdir. Həmçinin,təlimdə rus dilindən Azərbaycan dilinə tərcümə səhvi kimi keçən “hansı ki” ifadəsi ilə uzun müddətdir mübarizə aparıldığını və bu kimi halların aradan qaldırılmasının vacibliyi vurğulandı.  Təlimin gedişatında televizya və radiolarda fonetik,leksik,qrammatik normaların pozulması halları, pauza və onun məqsədindən də danışıldı. “Pauza danışdığınız məqama diqqət artırmaq üçün də önəmli rol oynayır”,- deyən dosent Hüseynova onun yersiz istifadəsinin də tərəfdarı deyil. Xatirə Hüseynova bəzi söz və ifadələrin mediada yanlış və yersiz istifadə edildiyini bildirdi. O, qeyd etdi ki, “mümkünsüz” sözü əvəzinə “müşkül” , “ çətin” , “qeyri-mümkün” kimi ifadələrin istifadə olunması daha məqsədəuyğundur və bu yanaşma nitqin zənginləşməsinə xidmət edir.  Dosent Hüseynova “sizlər”, “bizlər” kimi ifadələrin də dilimizə sonradan daxil olduğunu vurğuladı. Onun sözlərinə görə, “siz” və “biz” sözləri artıq cəmi ifadə etdiyindən bu cür əlavələrə ehtiyac yoxdur. Təlimdə məişət və gündəlik dildə tez-tez rast gəlinən yanlış ifadələrə də toxunuldu.Bildirildi ki, “erkək qoyun” ifadəsi düzgün deyil və bu anlayış qoç sözü ilə ifadə olunur. Belə yanlışlıqların yaranması isə Azərbaycan dili üzrə biliklərin yetərsizliyi ilə əlaqələndirildi.  Xatirə Hüseynova televiziya dilində geniş yayılan parazit ifadələrdən də danışdı. O, “keçid edək”, “keçid alaq” kimi söz birləşmələrinin yersiz olduğunu, bu fikrin sadə və ədəbi şəkildə “keçək” feili ilə ifadə edilməsinin məqsəduyğun olduğunu bildirdi. “Jestin meyarını doğru tutmaq lazımdır.Hər yerdə ondan istifadə insanı yorur”,- deyən Xatirə Hüseynova bədən dilinin jurnalist üçün önəminə də toxundu.  İştirakçılar media dilində normativ istifadənin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşdüər. Onlar peşəkar nitqin formalaşmasında bu cür maarifləndirici təlimlərin mühüm rol oynadığını qeyd etdilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər