Audiovizual Şurada “Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirilib
26 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Audiovizual Şurasında televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə “Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirilib.
Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər əsasında 2025-ci ilin dekabrına dair statistik göstəricilər müzakirə olunub. Qeyd edilib ki, ötən ilin son ayında ümumölkə yerüstü və peyk yayımı həyata keçirən 14 televiziya kanalının efiri süni intellekt əsaslı proqram vasitəsilə monitorinq edilib. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, eləcə də xarici vətəndaşların çıxışları nəzərə alınmayıb.
İlkin müşahidələr nəticəsində efirdə ən çox rast gəlinən xarici sözlərin istifadəsi araşdırılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunaraq, onların Azərbaycan dilində qarşılığının olub-olmaması ilə bağlı rəsmi rəy istənilib. Dilçilik İnstitutunun rəyinə əsasən təqdim olunan sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib. Bununla da monitorinqin nəticələri dəqiqləşdirilərək yenilənib.
Monitorinqin ümumi nəticələrinə görə, 2025-ci ilin dekabrında Azərbaycan dilində qarşılığı olan 33 xarici sözü 14 televiziya kanalının aparıcıları ümumilikdə 1366 dəfə istifadə ediblər.
Görüşdə monitorinq işlərinin davamlı xarakter daşıyacağı diqqətə çatdırılıb, nəticələri televiziya yayımçılarının ciddi şəkildə nəzərə alması tövsiyə olunub. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyi bildirilib. Həmçinin vurğulanıb ki, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarının azalmadığı təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
