Heyvanlar arasında dabaq və qarayara kimi xəstəliklərə qarşı peyvəndləmə ərzaq təhlükəsizliyinin bir hissəsidir
Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq və qarayara xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, peyvəndləmə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun və "soyuq zəncir" prinsipi əsasında aparılır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı dövlət vəsaiti hesabına peyvəndləmə aparılması ərzaq təhlükəsizliyinin bir hissəsidir:
"Peyvəndləmə tədbirləri heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı immunitet yaradır. Bu, ölkədə mövcud təsərrüfatlarda heyvan ölümlərinin sayını minimuma endirir, epizootik sabitliyin qorunmasını təmin edir. Peyvənd vurulması, prosesin əhəmiyyəti, peyvənd qrafiki və s. kimi məsələlərlə bağlı fermerlər arasında davamlı maarifləndirmə işləri aparılır".
Aişə Mustafayeva
