"Siyasi dialoqumuzun intensivliyi münasibətlərin möhkəmlənməsinə şərait yaradır" - İlham Əliyev Çin liderinə
İlham Əliyev Çin lideri Si Cinpinə Bahar bayramı münasibətilə təbrik məktubu göndərib. O, Azərbaycanla Çin arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib. Prezident bildirib ki, möhkəm təməl üzərində qurulan hərtərəfli strateji tərəfdaşlıq dərinləşir və yeni məzmun qazanır. Siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşma əlaqələrin daha sürətli inkişafına şərait yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, ötən il Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq sazişi imzalanıb:
"İki ölkə arasında hərbi, texniki, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlıq genişlənir. Qarşılıqlı viza rejiminin ləğvi də gündəmdədir. Bu, münasibətlərin möhkəmləndiyini göstərir.
Çin yükləri Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Qərbə daşınır. Bu, quru nəqliyyat əlaqələrini gücləndirir. Zəngəzur dəhlizi açılsa, Çin bundan da istifadə edə bilər".
Ekspert hesab edir ki, Azərbaycan dünya gücləri ilə balanslı siyasət aparır. Ölkə həm ABŞ və Avropa İttifaqı, həm də Çinlə əlaqələri inkişaf etdirir. Bu siyasət Azərbaycanın milli maraqlarına xidmət edir və regiondakı mövqeyini gücləndirir.
Reyhan Quliyeva
