00:00:00
Yazar
Lalə Qafarova
02.03.2026 20:37 23 2 dəq oxuma
Siyasət

Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar

Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar

Ceyhun Bayramov ilə Xose Manuel Albares Bueno arasında telefon danışığı olub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Yaxın Şərqdəki gərgin təhlükəsizlik vəziyyəti və artan hərbi eskalasiya barədə fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, digər Avropa dövlətləri kimi İspaniyanın da Yaxın Şərqdə gedən müharibənin təsirlərindən narahat olması başa düşüləndir.

 

O deyib ki, İspaniya Avropa ölkəsidir və enerji tələbatının böyük hissəsini Yaxın və Orta Şərq ölkələrindən alır. Neft və qaz ehtiyacının əsas hissəsi Yaxın Şərq və Şimali Afrika ölkələri hesabına ödənilir. Buna görə də bölgədə sabitliyi və təhlükəsizliyi pozan hər bir hadisə İspaniyanı narahat edir:

 

"İspaniya Avropada müstəqil siyasət aparan ölkələrdəndir. Bəzi hallarda Avropa Birliyindən və aparıcı Avropa dövlətlərindən fərqli mövqe nümayiş etdirir. Məsələn, son illərdə Avropa Birliyi ilə Çin arasında münasibətlər gərginləşdiyi vaxtda İspaniya lideri Çinə səfər edib və əməkdaşlığı davam etdirib. Hazırda İspaniya İran-ABŞ qarşıdurmasına da fərqli yanaşır. Avropa Birliyi və bir çox Avropa ölkələri əsasən İranın addımlarını tənqid etdiyi halda, İspaniya həm İranı, həm də ABŞ və İsraili tənqid edir. Rəsmi Madrid bu zərbələri Yaxın Şərqdə sülh və təhlükəsizliyə zərbə kimi qiymətləndirir. İspaniyanın mövqeyi daha müstəqil və cəsarətlidir. İspaniya həm enerji maraqlarına görə, həm də Azərbaycanın bölgədəki rolunu nəzərə alaraq Bakı ilə əməkdaşlığa önəm verir. Azərbaycan İrandakı diplomatların və mülki şəxslərin təxliyəsində bufer və tranzit rolunu oynayır. Son günlər bir sıra Avropa ölkələrinin diplomatları İrandan Azərbaycan üzərindən çıxaraq öz ölkələrinə qayıdıblar. Azərbaycanla İspaniya arasında əməkdaşlıq mövcud vəziyyətdə müsbət rol oynaya bilər.  Azərbaycanın siyasəti beynəlxalq hüquq normalarına və diplomatik çağırışlara əsaslanır. Bu mövqe bir çox ölkə üçün cəlbedicidir". 

 

Şərhçi əlavə edib ki, İspaniya İrana endirilən ilk zərbələrin bölgə üçün ciddi risklər yaratdığını anlayır və bu hücumları pisləyir.

 

Sonda o vurğulayıb ki, İspaniya kimi müstəqil siyasət aparan ölkələrlə əməkdaşlıq müharibənin genişlənməsinin qarşısını almağa kömək edə bilər. Onun fikrincə, Azərbaycan və İspaniya arasında əməkdaşlıq regionda gərginliyin azalmasına diplomatik təsir göstərə bilər.

 

Reyhan Quliyeva

#vurğulayıblar #yeni #azərbaycan #vacibliyini #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər