00:00:00
Yazar
Zəri Bayramlı
02.03.2026 20:57 32 3 dəq oxuma
Siyasət

“İranın hərbi və siyasi zəifləməsi Yaxın Şərqdə xaotik və proqnozlaşdırılmaz toqquşmalar dövrünü başlada bilər” - ŞƏRH

“İranın hərbi və siyasi zəifləməsi Yaxın Şərqdə xaotik və proqnozlaşdırılmaz toqquşmalar dövrünü başlada bilər” - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan İranla bağlı artan gərginliyin regionla məhdudlaşmayacağını və ciddi qlobal nəticələrə səbəb ola biləcəyini bildirib. Türkiyə Prezidenti vurğulayıb ki, Yaxın Şərqdə mümkün eskalasiya enerji təhlükəsizliyinə, beynəlxalq ticarətə və qlobal sabitliyə mənfi təsir göstərə bilər. O, tərəfləri təmkinli olmağa, diplomatik kanallardan istifadə etməyə və münaqişənin daha da dərinləşməsinin qarşısını almağa çağırıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğanın bu xəbərdarlığı regional böhran çərçivəsini aşaraq “sistemli bir qırılma” ehtimalına işarə edən, ehtiyatlı, eyni zamanda narahatlıq dolu diplomatik dildir:

 

“İranda yaşanan hakimiyyət boşluğu və hərbi toqquşmaların intensivliyinin artdığı bir dövrdə Ankaranın ‘sakitləşdirici’ rol oynamağa çalışdığını görürük. Bu, olduqca kritik bir mərhələdir. Ərdoğanın mesajı Türkiyənin xarici siyasətində “regional sahiblik” və “xaosun yayılmasının qarşısını alma” prinsiplərini ön plana çıxarır. Türkiyə üçün ən böyük risk İranda dövlət strukturunun zəifləməsi və ya çökməsi nəticəsində yaranacaq ‘nəzarətsiz xaos’dur. Ankara sərhədləri boyunca uğursuz dövlət və ya idarəolunmaz coğrafiya görmək istəmir. Prioritet münaqişənin Türkiyə sərhədlərinə ‘qaçqın dalğası’ və ya ‘nəzarətsiz proksi müharibə’ kimi daşınmasının qarşısını almaqdır. Ərdoğanın tərəfləri təmkinə çağırması həm də Türkiyənin bölgədə rasional aktor kimi çıxış etməsi mesajını ehtiva edir. Qərb - xüsusilə, ABŞ və İsrail ilə İran arasında körpülərin demək olar ki, dağıldığı bir şəraitdə Türkiyə özünü vazkeçilməz, diplomatik ‘təhlükəsiz xətt’ə çevirməyə çalışır. Ticarət yolları və enerji xətlərində mümkün pozuntular Türkiyə iqtisadiyyatı üçün ciddi maliyyə yükü deməkdir. Ankara sabitlik axtarışını öz iqtisadi maraqlarının qorunması ilə paralel aparır”.

 

Hasan Oktay hesab edir ki, İran ətrafında mümkün eskalasiya artıq lokal münaqişə deyil, qlobal təchizat şoku potensialı daşıyır:

 

“İran Hörmüz boğazı və ətraf enerji infrastrukturu üzərində mühüm təsirə malikdir. Rejimdə zəifləmə və ya toqquşmaların bu bölgəyə yayılması dünya neft və qaz bazarında kəskin təchizat şokuna səbəb ola bilər. Bu isə onsuz da həssas olan qlobal iqtisadiyyatı resessiyaya sürükləyə bilər. Bu proses beynəlxalq təhlükəsizlik arxitekturası üçün də ciddi sınaqdır. İkinci Dünya müharibəsindən sonra formalaşan dövlətlərarası təhlükəsizlik sistemi böyük imtahan qarşısındadır. İranın hərbi və siyasi zəifləməsi Yaxın Şərqdə uzun illər davam edən ‘vəkalət müharibələri’ mərhələsini bitirərək, daha xaotik və proqnozlaşdırılması çətin toqquşmalar dövrünü başlada bilər. Türkiyənin bu şəraitdə mümkün vasitəçilik rolu mürəkkəb və risklidir, lakin Ankaranın mühüm üstünlükləri var. Əgər Türkiyə diplomatik kanalları açıq saxlasa və münaqişənin genişlənməsinin qarşısını ala bilsə, ‘qlobal təhlükəsizlik təminatçısı’ imicini gücləndirər. Bu, Ankaraya həm regionda, həm də Vaşinqton qarşısında əlavə strateji əhəmiyyət qazandırar. Hər kəsin qarşı-qarşıya gəldiyi bir vəziyyətdə hamı ilə dialoq qura bilmək masanın ən güclü yerində əyləşmək deməkdir. Bu da Türkiyənin beynəlxalq arenada mövqeyini möhkəmləndirə və İran sonrası mümkün regional nizamda söz sahibi olmasına şərait yarada bilər”.

 

Hasan Oktay sonda vurğulayıb ki, mövcud şərtlər daxilində Ankara həm qaçqın axınlarını idarə etmək, həm də diplomatik əlaqələri davam etdirmək üçün çoxşaxəli strategiya yürütməyə məcburdur.

 

Fatimə Hüseynli

#xaotik #“i̇ranın #başlada #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər