WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.
Azərbaycanın Keniyadakı Səfirliyindən
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan hökuməti AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50 000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan istənilən halda beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməklə həm öz imicini, həm də dünya siyasətindəki mövqeyini möhkəmləndirir:
“Belə tədbirlər, təbii ki, dünya mediasında geniş işıqlandırılır və ölkənin nüfuzuna müsbət təsir göstərir. Bu baxımdan, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi təqdirəlayiqdir.
Lakin bu tədbirlər elə təşkil olunmalıdır ki, yalnız təqdimat xarakteri daşımasın, eyni zamanda müəyyən konseptual yanaşmaların hazırlanmasına da töhfə versin. Xüsusilə, şəhərsalma sahəsində yeni konseptual yanaşmaların məhz Azərbaycanın ev sahibliyi ilə dünya miqyasında yayılması olduqca vacibdir. Buna görə də, Azərbaycan bu istiqamətdə yüksək səviyyədə hazırlaşmalıdır”.
Səadət Əlizadə