“TRİPP kimi təşəbbüslərə Cənubi Qafqazda sülh yanaşmasının tərkib hissəsi kimi baxmaq lazımdır”- Politoloqdan ŞƏRH
TRİPP (Tramp yolu) - Ermənistanın cənubunun şimalı ilə Naxçıvan dəmir yolu vasitəsilə birləşə biləcəyi deməkdir. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Dünya Siyasət Konfransında "AB strateji tərəfdaş kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün perspektivlər" adlı panel müzakirəsi zamanı bildirib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin TRİPP marşrutu həm Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə, həm də Avropanı Asiya ilə birləşdirən, Orta dəhlizin vacib seqmenti rolunu oynayan marşrutdur:
“Bu dəhlizin fəaliyyətə başlaması eyni zamanda Naxçıvan dəmir yolları vasitəsilə Ermənistanın şimalı ilə cənubunu birləşdirmək potensialına malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, belə bir dəmir yolu bağlantısı region üçün əsasən iqtisadi və logistik inteqrasiyanın güclənməsi baxımından mühüm imkanlar yaradır. Ermənistanın cənubu ilə şimalı birbaşa və fasiləsiz dəmir yolu xətti ilə birləşərsə, bu, ölkə daxilində iqtisadi vahidliyin artmasına səbəb ola bilər. Hazırda Ermənistanın coğrafi və siyasi məhdudiyyətləri daxili və xarici ticarət axınlarını çətinləşdirir. Yeni xətt nəqliyyat xərclərini azalda, tranzit sürətini artıra və ölkəni regional logistika xəritəsinə daha fəal şəkildə daxil edə bilər. Bundan əlavə, Orta Asiya-Cənubi Qafqaz -Türkiyə-Avropa marşrutlarının diversifikasiyası üçün yeni imkanlar yarana bilər, bu da regionun ümumi tranzit əhəmiyyətini artırar. Layihənin Cənubi Qafqazda nəqliyyat və logistika əlaqələrinə təsiri isə daha geniş strateji mənzərəni əhatə edir. Region hazırda çoxsaylı alternativ nəqliyyat dəhlizlərinin formalaşdığı mərhələdədir”.
Politoloq qeyd edib ki, Azərbaycan artıq əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir və Şərq-Qərb, eləcə də Şimal-Cənub dəhlizlərində mühüm rol oynayır:
“Ermənistanın bu sistemə inteqrasiyası regionun ümumi logistik balansını dəyişə bilər. Layihə reallaşarsa, Cənubi Qafqazda nəqliyyat şəbəkəsi daha şaxələnmiş modelə keçə bilər. Bu isə bir tərəfdən iqtisadi əməkdaşlıq imkanlarını artırar, digər tərəfdən marşrutların idarə olunması və təhlükəsizlik məsələlərini daha mürəkkəb hala gətirər. Çünki hər bir infrastruktur xətti həm iqtisadi imkan, həm də təsir vasitəsi funksiyası daşıyır. Bu təşəbbüsün Azərbaycan-Ermənistan münasibətlərinə təsiri də əhəmiyyətlidir. Belə layihələr prinsip etibarilə sülh gündəliyinin iqtisadi dayaqlarını gücləndirə bilər.
Kommunikasiyaların açılması uzun illər davam edən münaqişədən sonrakı normallaşma prosesinin əsas elementlərindən biridir. Əgər dəmir yolu bağlantısı qarşılıqlı suverenlik, sərhəd nəzarəti və təhlükəsizlik zəmanətləri çərçivəsində reallaşarsa, bu, tərəflər arasında iqtisadi əməkdaşlığın formalaşmasına və mümkün gərginliklərin azalmasına töhfə verə bilər. Ümumilikdə, TRİPP kimi təşəbbüslərə Cənubi Qafqazda infrastruktur vasitəsilə sülh yanaşmasının tərkib hissəsi kimi baxmaq lazımdır. Layihənin həyata keçməsi regionda həm iqtisadi inteqrasiyanı, həm də uzunmüddətli sabitlik perspektivlərini gücləndirə bilər”.
Cavahir Əsgərbəyli