00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 20:46 132 2 dəq oxuma
Siyasət

Avropa Parlamenti və AŞPA-ya sərt mesaj: Prezident İlham Əliyevin bəyanatı beynəlxalq ictimaiyyət üçün aydın siqnaldır

Avropa Parlamenti və AŞPA-ya sərt mesaj: Prezident İlham Əliyevin bəyanatı beynəlxalq ictimaiyyət üçün aydın siqnaldır

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammiti çərçivəsində səsləndirdiyi fikirlər fonunda Azərbaycanla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası arasındakı münasibətlərə dair sərt mesajlar beynəlxalq ictimaiyyət üçün aydın siqnal kimi qiymətləndirilir. 

 

Mövzu ilə bağlı politoloq Tural İrfan Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması qərarını beynəlxalq hüquq və siyasi reallıq baxımından əsaslandırılmış hesab etdiyini “İnformator.az”a açıqlamasında bildirib:

 

“Azərbaycanın bu addımı tamamilə beynəlxalq hüquqa və mövcud siyasi reallığa uyğundur. Avropa Parlamentinin mövqeyi regionda sülh prosesinə mənfi təsir göstərir. Avropa Parlamentinin qərəzli və pozucu addımları təkcə Azərbaycan əleyhinə deyil, həm də regionda sülhə qarşı yönəlib. Onlar münaqişələrin tam başa çatmasını və davamlı sülhün bərpasını istəmirlər. Avropa Parlamenti orta əsrlərin səlibçilik təfəkküründən yaxa qurtara bilmir. Xristian kartından istifadə edərək Ermənistanı alətə çevirir və regionda təhlükə mənbəyi kimi önə çıxarır. Bu isə bütövlükdə bölgə üçün təhdid yaradır. Bu yanaşma regionda mövcud əməkdaşlıq formatlarına qarşı yönəlib. Regionda Azərbaycan-Türkiyə birliyinə qarşı siyasi səlib yürüşünə cəhd edilir. Avropa Parlamentinin kin, qərəz və nifaq xarakterli mövqeyi tamamilə əsassızdır. Əgər Ermənistan Avropa Parlamentinin bu mövqeyini qəbul edərsə, bu, sülh prosesini ləngidə bilər”.

 

Onun sözlərinə görə, Avropa institutları ilə münasibətlərin normallaşması üçün qarşı tərəf mövqeyini dəyişməlidir: 

 

“Avropa strukturları dini təəssübkeşlikdən qaynaqlanan anti-müsəlman və anti-Azərbaycan yanaşmadan çəkinməlidir. Yaxınlaşan sülhün rəsmiləşməsi prosesinə bu cür maneələr yaratmaq beynəlxalq hüquqa uyğun deyil. Bu yanaşma Avropa Parlamentinin özünü ifşa edir. Azərbaycanın milli maraqlarına zidd, səlibçilik düşüncəsinə əsaslanan bu mövqe əslində qurumun özünü ifşa edir. İşğal dövründə olduğu kimi, indi də ədalətsiz mövqe nümayiş etdirirlər. Avropa Parlamentinin fəaliyyəti regionda sabitliyə təhdid yaradır. Ermənistanı yeni təhdid mənbəyinə çevirmək cəhdləri keçmiş münaqişəni fərqli müstəvidə davam etdirmək istəyindən irəli gəlir. İnsan haqlarını pozan, ayrı-seçkilik xarakterli qərarlar qəbul edən bu mövqe qəbuledilməzdir və qurum bu yanlış yanaşmadan geri çəkilməlidir”.

 

Fatimə Hüseynli

#parlamenti #mesaj: #sərt #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər