00:00:00
Yazar
Nərmin Həşimova
06.05.2026 19:50 63 2 dəq oxuma
Siyasət

“Tehran ABŞ-dən Livana hücumların dayandırılmasını tələb etməklə regiondakı mövqeyini qorumağa çalışır”- ŞƏRH

“Tehran ABŞ-dən Livana hücumların dayandırılmasını tələb etməklə regiondakı mövqeyini qorumağa çalışır”- ŞƏRH

İran-ABŞ danışıqları fonunda Yaxın Şərqdə baş verən hadisələr regionun siyasi və təhlükəsizlik balansına ciddi təsir göstərir. İran tərəfi Livana hücumların tam dayandırılmasını danışıqlar üçün əsas şərt kimi irəli sürərək bu məsələyə strateji əhəmiyyət verdiyini nümayiş etdirir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, İran ABŞ ilə aparılan danışıqları yalnız nüvə silahı məsələsi ilə məhdudlaşdırmaq niyyətində deyil:


“İran bu məsələdə ABŞ ilə nüvə silahı üzrə aparılan danışıqları daha geniş müstəviyə çıxarmağa çalışır. Burada əsas məqsəd Livandakı prosesləri və ümumilikdə regionda baş verən qarşıdurmaları gündəmə gətirərək bu hadisələri İsrailin fəaliyyəti ilə əlaqələndirməkdir. İran regionda yaranan  gərginliyi İsrailin addımları nəticəsində meydana çıxan təhlükə kimi təqdim edir. Tehran ABŞ-dən Livana hücumların dayandırılmasını və bunun təmin olunmasını tələb etməklə regiondakı mövqeyini qorumağa çalışır. Bu, ilk növbədə İranın regiondakı təsir imkanlarını itirmək istəməməsi ilə bağlıdır. Eyni zamanda, İran Hizbullah kimi yaxın müttəfiqlərinin zəifləməsinin qarşısını almağa çalışır”.


Politoloq qeyd edib ki, Livandakı Hizbullah qüvvələri İran üçün strateji əhəmiyyət daşıyır və İran bu gücü qorumaqda maraqlıdır:


“İran yalnız proksi qüvvələrini deyil, ümumilikdə regiondakı siyasi və ideoloji təsir imkanlarını saxlamağa çalışır. Digər tərəfdən ABŞ İranla bağlı təkcə nüvə proqramı məsələsini deyil, daha geniş tələbləri gündəmə gətirir. İran isə danışıqların miqyasını genişləndirərək regionda sabitliyin təmin olunması məsələsini də əsas müzakirə predmetinə çevirmək istəyir. ABŞ Livandakı proseslərdə İsrailin fəaliyyətinin qarşısını almaq niyyətində deyil. Vaşinqton bu məsələdə İranın mövqeyi ilə razılaşmır. ABŞ-nin İsraillə strateji tərəfdaşlığı səbəbindən burada neytral mövqe nümayiş etdirildiyini demək çətindir. Əgər tərəflər arasında bu istiqamətdə razılıq əldə olunsa, bu, İran–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Belə bir razılaşma baş verərsə, artıq danışıqlar yalnız nüvə silahı məsələsini əhatə etməyəcək. Burada regiondakı güc balansı, sabitlik məsələləri və dövlətlərarası münasibətlərdə yeni yanaşmalar da müzakirə oluna bilər. İran bugünkü danışıqlarda bu məsələni gündəmə gətirməklə ABŞ-ni yalnız nüvə məsələsinə deyil, regiondakı ümumi təhlükəsizlik və sabitlik məsələlərinə yönləndirməyə çalışır. Lakin hələlik ABŞ-nin  bu istiqamətdə konkret reaksiyası müşahidə olunmur”.


Mehriban Yariyeva

#İran #ABŞ #şərt #Livan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər