00:00:00
Yazar
Nərmin Həşimova
13.05.2026 20:46 19 2 dəq oxuma
Siyasət

“Rusiya və Ukrayna liderlərinin yaxın zamanda görüşünün baş tutması real görünmür”- Politoloqdan AÇIQLAMA 

“Rusiya və Ukrayna liderlərinin yaxın zamanda görüşünün baş tutması real görünmür”- Politoloqdan AÇIQLAMA

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Zelenski ilə Putin arasında mümkün danışıqlarla bağlı açıqlama verib. O bildirib ki, tərəflər arasında görüş və ya dialoq qəfil şəkildə baş tutmayacaq. Budanovun sözlərinə görə, əgər Rusiya ciddi danışıqlara hazır olsa, Ukrayna da dialoqa açıqdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya və Ukrayna liderlərinin yaxın zamanda görüşünün baş tutması real görünmür:


“Çünki bunun üçün zəruri ilkin şərtlər hələ formalaşmayıb. Belə ki, 2025-ci ildə tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə müəyyən danışıqlar keçirilsə də, prinsipial məsələlər üzrə razılıq əldə olunmayıb. Tərəflərin həm müharibənin gedişi, həm də onun dayandırılması ilə bağlı mövqeləri arasında ciddi fərqlər qalmaqdadır. Ukrayna tərəfi hesab edir ki, ilk növbədə dərhal atəşkəs elan olunmalı, bundan sonra isə sülh danışıqlarına başlanmalıdır. Rusiya isə atəşkəsdən əvvəl birbaşa danışıqların aparılmasını tələb edir. Eyni zamanda Moskva Donbasda həm nəzarət etdiyi, həm də Ukraynanın nəzarətində qalan bəzi ərazilərin Rusiyaya verilməsini istəyir ki, bu da Ukrayna üçün qəbuledilməz şərtdir. Bundan əlavə, tərəflər arasında Ukraynanın gələcək təhlükəsizliyi, Zaporojye Atom Elektrik Stansiyasının taleyi və işğal altındakı ərazilərlə bağlı məsələlər də açıq qalır. Bu mövzularda ortaq mövqe formalaşmayıb. Ümumiyyətlə, tərəflər arasında uzun müddətdir birbaşa yüksək səviyyəli təmaslar yoxdur. Adətən liderlərin görüşü onların nümayəndə heyətləri vasitəsi ilə əvvəlcədən razılaşdırılan məsələlər əsasında keçirilir. Liderlər ya artıq razılaşdırılan qərarları təsdiqləyir, ya da yalnız onların siyasi qərarı ilə həll edilə biləcək prinsipial məsələləri müzakirə edirlər. Bu baxımdan hazırkı mərhələdə Rusiya və Ukrayna liderlərinin görüşü üçün obyektiv şərtlərin formalaşdığını söyləmək çətindir. Ona görə də yaxın dövrdə belə bir görüşün baş tutması real görünmür”.


Politoloq qeyd edib ki, müharibənin dayandırılması ilə bağlı tərəflərin baxışları da fərqlidir:


“Ukrayna atəşkəsin dərhal əldə olunmasını və bundan sonra təhlükəsizlik, işğal altındakı ərazilər, Donbas məsələsi və Zaporojye AES ilə bağlı danışıqların başlanmasını istəyir. Rusiya isə müharibənin dayandırılması üçün ərazi tələblərinin qəbul olunmasını əsas şərt kimi irəli sürür. Bununla yanaşı, son dövrlərdə Rusiya cəbhədə müəyyən çətinliklərlə üzləşir, Ukrayna isə bəzi istiqamətlərdə təşəbbüsü ələ almağa çalışır. Bu da tərəflərin mövqeləri arasındakı fərqləri daha da dərinləşdirir. Ekspertlər hesab edirlər ki, müharibənin dayandırılması prosesində böyük güclərin rolu həlledici ola bilər. Xüsusilə ABŞ və Çin kimi dövlətlərin mövqeyi və mümkün razılaşmaları prosesə ciddi təsir göstərə bilər. Əgər bu ölkələr müəyyən ortaq məxrəcə gələ bilsələr, gələcəkdə müharibənin dayandırılması istiqamətində real addımlar atılması mümkündür”.

 



Gövhər Mehyəddinova

#Rusiya #Ukrayna #danışıq #liderlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər